
Bakı. Trend:
“S&P Global Ratings” agentliyi Azərbaycanın banklarının
2026-cı ildə də dayanıqlığını qoruyacaqağını proqnozlaşdırır.
Trend bu barədə
agentliyə istinadən xəbər verir.
Reytinq agentliyinin proqnozlarına görə, Ermənistan, Azərbaycan,
Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan bankları son iki
ildə müşahidə olunan dinamikanı təkrarlayaraq 2026-cı ildə də
sabitliyini qoruyub saxlayacaq. Regionda orta kredit artımının
15–20% səviyyəsində mülayim (lakin hələ də yüksək) qalması və
aktivlərin keyfiyyətinin sabitliyi bankların gəlirliliyini və
kapital səviyyələrini dəstəkləyəcək.
“Regionda iqtisadi artım üçün əlverişli perspektivlər,
kreditləşməyə yüksək tələbat (xüsusilə pərakəndə seqmentdə),
etibarlı maliyyələşmə və likvidlik göstəriciləri, həmçinin güclü
gəlirlilik hesabına dəstəklənən sabit kapital ehtiyatları 2026-cı
ildə reytinqlər üzrə əlavə müsbət qərarlara səbəb ola bilər”, –
deyə hesabatda qeyd olunur.
“S&P” bildirir ki, hazırda regionun maliyyə institutlarının
reytinqlərinin 19%-i müsbət proqnoza, 81%-i isə stabil proqnoza
malikdir.
“Regionun maliyyə institutları üçün əsas risklərə artan
geosiyasi gərginlik, disbalans yarada biləcək aqressiv pərakəndə
kredit artımı, eləcə də rəqəmsallaşma, süni intellekt, iqlim
dəyişikliyi və kibertəhlükələrlə bağlı yeni risklər daxildir”,-
deyə hesabatda bildirilir.

