
Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) dünyanın ən
böyük aktivlərin idarə edilməsi şirkəti olan “BlackRock” və ona
bağlı struktur – “Global Infrastructure Partners” (GIP) ilə
strateji əməkdaşlıq haqqında protokol imzalayıb. Sənəd çərçivəsində
infrastruktur və rəqəmsal layihələrə 1,5 milyard ABŞ dollarına
qədər investisiya yatırılması planlaşdırılır.
Azərbaycanın tanınmış iqtisadçı eksperti İnqilab Əhmədov
Trend-ə bildirib ki,
bu, Azərbaycanın bütün strateji sənədlərində qeyd olunan
prioritetləri ilə tam olaraq üst-üstə düşür
Onun sözlərinə görə, rəqəmsallaşma, süni intellektin inkişafı və
bu istiqamətlə bağlı digər sahələr üzrə vəzifələr bu əməkdaşlığın
əsas prioritetlərinə tam uyğundur.
“Bu səbəbdən belə əməkdaşlıq müəyyən mənada gözlənilən idi və
olduqca perspektivlidir. Simvolik məqam ondan ibarətdir ki, bu
prioritet məhz “BlackRock” ilə imzalanmış niyyət protokolunda
təsbit olunub.
Xatırladım ki, Azərbaycan ötən ildən bu şirkətlə əməkdaşlığa
başlayıb. Oktyabr ayında Azərbaycan Respublikası Dövlət Neft
Fondunun ilk aktivləri “BlackRock” və onun əlaqəli şirkəti “Digital
Infrastructure Platform” (DIP) vasitəsilə Böyük Britaniyanın Qatvik
hava limanına 50 milyon funt sterlinq həcmində yatırılıb. Layihə
uğurlu alındı və bu fond vasitəsilə süni intellekt və
avtomatlaşdırmanın inkişafı da daxil olmaqla müxtəlif perspektivli
layihələrə investisiya yatırılmasının mümkün olması üçün, bu il
münasibətlər strateji tərəfdaşlıq səviyyəsində rəsmiləşdirildi”, –
deyə İ.Əhmədov bildirib.
O qeyd edib ki, planlaşdırılan 1,5 milyard dollarlıq investisiya
məbləği kifayət qədər böyükdür.
Ekspertin sözlərinə görə, bu cür iri həcmli yatırımlar təkcə
iqtisadi baxımdan sərfəli deyil, eyni zamanda siyasi-iqtisadi və
geosiyasi aspekt daşıyır.
“Bu gün Azərbaycan mövcud əlverişli imkanlardan uğurla istifadə
edir”, – deyə o vurğulayıb.
“Hava limanı infrastrukturu və aktivlərin idarə edilməsi
sahəsində əməkdaşlıq prioritet istiqamət hesab olunur, belə ki bu,
nəqliyyat sektorunun modernləşdirilməsinə və Azərbaycanın qlobal
logistika-infrastruktur zəncirlərinə inteqrasiyasına mühüm təsir
göstərə bilər.
Rəqəmsal layihələr kimi, nəqliyyat infrastrukturuna yatırılan
investisiyalar və tərəfdaşlıqlar da ölkənin milli prioritetləri və
strateji məqsədləri ilə üst-üstə düşür. Bura qlobal əhəmiyyət
daşıyan Orta Dəhlizin, Ələt limanının, Şərq-Qərb dəhlizinin və
Zəngəzur dəhlizinin inkişafı daxildir. Bu cür qarşılıqlı fəaliyyət
daşımaların səmərəliliyini artırmağa, xidmət keyfiyyətini
yüksəltməyə və Azərbaycanın Avropa ilə Asiya arasında əsas tranzit
qovşağı rolunu gücləndirməyə imkan verir”, – deyə o əlavə edib.
İ.Əhmədov bildirib ki, “BlackRock” ilə Qatvik hava limanında
həyata keçirilən ilk birgə layihə uğurlu olub və seçilmiş
investisiya və tərəfdaşlıq yanaşmasının düzgünlüyünü
təsdiqləyib.
“Aktivləri 14 trilyon ABŞ dollarından artıq olan dünyanın ən
böyük beynəlxalq investisiya şirkəti ilə əməkdaşlıq yalnız
kommersiya deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Bu,
Azərbaycanın regionda əsas oyunçu kimi reputasiyasını
möhkəmləndirir”, – deyə o vurğulayıb.
Ekspert qeyd edib ki, qlobal enerji keçidi fonunda bərpa olunan
enerji layihələrinə, o cümlədən iri regional təşəbbüslərə maraq
artmaqdadır. Azərbaycan qarşısına iddialı məqsədlər qoyub: Xəzər və
Qara dəniz üzərindən, həmçinin sualtı kabellər vasitəsilə Avropa
ilə enerji bağlantısının qurulması.
“”BlackRock” ilə əməkdaşlıq bərpa olunan enerji, tranzit enerji
və ənənəvi neft-qaz sektorundan kənara çıxan infrastruktur
sahələrində tərəfdaş investisiyalar üçün imkanlar açır. Bu
istiqamət həm kommersiya baxımından sərfəlidir, həm də prestij
baxımından önəmlidir, belə ki enerji keçidi üzrə məqsədlərə nail
olmağa imkan verir. Bu gün dünyada bərpa olunan enerjiyə yatırılan
investisiyalar artıq ənənəvi neft-qaz investisiyalarını üstələyir
və bu, Azərbaycan üçün yeni imkanlar yaradır”, – deyə İ.Əhmədov
yekunlaşdırıb.

