Azərbaycan möhkəm mövqelərə, aydın inkişaf yoluna, regionda və dünyada gedən proseslərə təsir imkanlarına malik dövlətdir – Deputat

Baş səhifə

Bakı. Trend:

Davosda keçirilən ənənəvi Dünya İqtisadi Forumunda
Azərbaycana maraq hər zaman yüksək olub. Torpaqlarımızın işğaldan
azad edilməsindən, Azərbaycanın istər regional, istərsə də qlobal
proseslərdə iştirak səviyyəsinin yüksəlməsindən sonra bu maraq daha
da artıb. Bunu cənab Prezident İlham Əliyevin Davos Forumunda
keçirdiyi çoxsaylı görüşlər və iştirak etdiyi tədbirlər də təsdiq
edir. Yanvarın 19-dan başlayan 56-cı Forum da bu baxımdan diqqəti
çəkir.

Dünyada böyük tamaşaçı auditoriyası olan tanınmış “Euronews”
televiziyasının Davosda dövlətimizin başçısından müsahibə almasını
da ilk növbədə bu prizmadan dəyərləndirə bilərik. Onu da qeyd edək
ki, Prezident İlham Əliyevin beynəlxalq tədbirlər zamanı müzakirə
olunan məsələlərlə bağlı mövqeyi, hadisələrə baxışı, problemlərin
həllinə dair yanaşmaları elə həmin tədbirlərin təşkilatçılarının və
xarici KİV-in xüsusi diqqət mərkəzində olur. Böyük tamaşaçı
auditoriyası olan və bütün dünyaya yayımlanan “Euronews”
telekanalının dövlətimizin başçısından müsahibə götürməsi də bunu
təsdiq edir.

Cənab İlham Əliyev müsahibədə mühüm məsələlərlə bağlı
fikirlərini bildirdi, dövlətimizin mövqeyini diqqətə çatdırdı,
müasir beynəlxalq münasibətlərin mahiyyəti ilə bağlı mühüm mesajlar
verdi. Bu baxımdan cənab Prezidentin beynəlxalq hüquq normaları ilə
bağlı söylədiyi fikirlər bütün dünya ictimaiyyəti üçün aktuallıq
kəsb edir. Bu gün dünya nizamında qanunların aliliyi deyil, gücün
aliliyi rol oynayır. “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas
prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Planetimizin
müxtəlif coğrafiyalarında baş verən hadisələr də beynəlxalq hüquq
normalarının tapdalandığını və güc amilinin önə çıxdığını göstərən
faktorlardır. Bu baxımdan Prezident İlham Əliyev müsahibəsində
müasir beynəlxalq münasibətlərin mühüm problemini aydın şəkildə
diqqətə çatdırdı.

Azərbaycan dövləti öz siyasətini və strateji məqsədlərini bu
reallıqlara uyğun formalaşdırır. Azərbaycanın bütün uğurları, ən
əsası, torpaqlarımızın işğaldan azad edilməsi göstərir ki,
respublikamız bu məqsədlərə nail olaraq, qətiyyətlə özünün strateji
hədəflərinə çatır.

Prezident İlham Əliyevə ünvanlanan suallardan biri dövlətimizin
başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq
görülməsi və Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin
gedişi ilə bağlı oldu. Azərbaycanın Vətən müharibəsindəki
qələbəsini və torpaqlarını işğaldan azad etməsi bütün dünya tam
qəbul edir. Ötən il Vaşinqtonda sülh sazişinin paraflanması bunu
təsdiq edən mühüm siyasi hadisədir.
Prezident İlham
Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi
Azərbaycanın yaratdığı yeni reallıqların, dövlətimizin başçısının
sülh gündəliyinin dünya ictimaiyyəti tərəfindən qəbul olunmasının
növbəti parlaq ifadəsidir.

“Euronews”a müsahibəsində belə nüfuzlu mükafatı
almağın böyük şərəf olduğunu deyən Prezident İlham Əliyev Cənubi
Qafqazın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Artıq
Azərbaycanla Ermənistan arasında faktiki olaraq sülh şəraiti hökm
sürür. Respublikamız öz ərazisindən Ermənistana yük daşınmasına
icazə verib. Eyni zamanda Azərbaycandan Ermənistana neft
məhsullarının təchizatına başlanılıb. Görünən odur ki, sülh prosesi
artıq əməkdaşlıqla müşayiət olunur. Bütün bunlar Prezident İlham
Əliyevin sülhpərvər siyasətinin göstəriciləridir. Prezident İlham
Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq
görülməsi də bu siyasətə qlobal miqyasda verilən yüksək
qiymətdir.

Prezident İlham Əliyevin müsahibədə sabitliklə bağlı toxunduğu
məsələlər də xüsusi aktuallıq kəsb edir. Azərbaycan regionda
sabitliyin uğurla təmin edildiyi dövlətlərdən biridir. Dövlətimizin
başçısı da qeyd edib ki, ölkəmizin daxilində potensial risklər
mövcud deyil. Respublikamızı regionda fərqləndirən mühüm
gerçəkliklərdən biri də məhz budur. Eyni zamanda, respublikamız öz
qonşularında da sabitliyin olmasını arzulayır. Çünki müharibənin
ağrı-acısını yaşamış dövlət olaraq sabitliyin qiymətini hamıdan
yaxşı bilirik və Prezident İlham Əliyevin vurğuladığı kimi
sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə
yoludur.

Məlumdur ki, enerji sferasında Azərbaycanın yürütdüyü təkmil
siyasət respublikamızın istər beynəlxalq mövqelərinin
möhkəmlənməsində, istərsə də nüfuzunun yüksəlməsində mühüm rol
oynayır. Bu mənada, Prezident İlham Əliyevin müsahibədə diqqətə
çatdırdığı faktlar göstərir ki, Azərbaycan həm regionda, həm də
Avropada bir sıra dövlətlərin enerji təhlükəsizliyini təmin edən
dövlətdir.

«Enerji sektoruna gəldikdə, Azərbaycan Cənubi Qafqazın
enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər
ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri –
uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji
ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı
ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16
ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının
üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan
dünyada birinci yerdədir»
-deyə Prezident İlham Əliyev
bildirib.

Dövlət başçısının Avropa Parlamenti ilə bağlı fikirləri isə bu
antiazərbaycançı qurumun qərəzli fəaliyyətinə verilən ən layiqli
qiymətdir. Məlumdur ki, Avropa Parlamenti Azərbaycana qarşı hər
zaman məkrli mövqe nümayiş etdirib, Ermənistanın işğalçı siyasətinə
dəstək verib, qəbul etdiyi qətnamələrlə respublikamızın inkişafına
və uğurlarına kölgə salmağa çalışıb. Lakin bu ermənipərəst qurum
heç vaxt niyyətinə çatmayıb və onun qəbul etdiyi qətnamələrin adi
kağız parçası qədər əhəmiyyəti olmayıb. Prezident İlham Əliyev çox
düzgün olaraq qeyd etdi ki, Ermənistanın özünün Azərbaycanla
əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt
etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə”
olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə
vəziyyətə salır. Ümumilikdə, Prezident İlham Əliyevin Avropa
Parlamenti ilə bağlı qeyd etdiyi məqamlar, yəni Azərbaycanın bu
qurumun qərəzli fəaliyyətinə reaksiya verməməsi, habelə Avropa
Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən
əməkdaşlığı dayandırması respublikamızın qətiyyətli və ləyaqətli
siyasətinin təzahürüdür.

Bir məsələni də qeyd edək ki, rəqəmsallaşma və süni intellektə
əsaslanan strateji xətt Azərbaycanın qarşıdakı dövr inkişafının ana
xəttini təşkil edir. Hökumət rəqəmsallaşmanı və süni intellektin
tətbiqini milli iqtisadiyyatın rəqabətə davamlılığını artıran
prioritet hədəf elan edib. Prezident İlham Əliyevin Davos İqtisadi
Forumu çərçivəsində qlobal texnoloji nəhənglərlə keçirdiyi görüşlər
də ölkəyə ən son innovasiyaların və süni intellekt həllərinin
gətirilməsinə xidmət edir. Dövlət başçısının dünyanın IT
texnologiyaları üzrə nüfuzlu təşkilatlarından biri olan “Dell
Technologies” şirkətinin nümayəndəsi ilə görüşü, “Azərbaycan
rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə “süni intellekt və
məlumat mərkəzləri xarici investisiyaların cəlb olunması üçün əsas
hədəflərdir” söyləməsi də bu strategiyanın tərkib hissəsidir.
Azərbaycanın hədəfi süni intellektin neft-qaz sektorundan kənd
təsərrüfatına, səhiyyədən-təhsilədək bütün sahələrə inteqrasiyasını
sürələndirmək, istehsalatda səmərəliliyi və resurslara qənaəti
maksimum səviyyəyə çatdırmaqdır. Azərbaycan liderinin bu uzaqgörən
siyasəti ölkəni XXI əsrin texnoloji çağırışlarına tam hazır
vəziyyətə gətirərək qlobal rəqəmsal xəritədə mövqeyini
möhkəmləndirir.

Göründüyü kimi, Prezident İlham Əliyevin hədəfi Azərbaycanı ən
müasir texnoloji çağırışlar əsasında inkişaf edən modern dövlət
səviyyəsinə yüksəltməkdir. Cənab Prezident Azərbaycanı məhz bu
strateji prioritet əsasında gələcəyə aparır.

Lakin təəssüflə qeyd edilməlidir ki, özünü müxalifət hesab edən,
lakin sosial bazadan və ictimai dəstəkdən məhrum olan qaragüruhçu
qrup respublikamızın bütün uğurlarını görməzdən gəlir. Nəinki
görməzdən gəlir, hətta onlara kölgə salmağa cəhd göstərir.
Müxalifətçiliyin konkret nəzəri əsasları var. Müxalifətçilik
dövlətə və xalqa qarşı olmalı deyil və müxalifət partyaları da
dövlətin maraqlarını qorumalı, siyasi məramları və proqramları ilə
ölkənin qarşısında duran vəzifələrin gerçəkləşməsinə xidmət
etməlidirlər. Amma özünü müxalifətçi hesab edən, fəaliyyəti isə
sosial şəbəkədən o yana keçməyən qaragüruhçu qrupun əməllərinin
fonunda bu deyilənlərin tamamilə əksini görürük. Onların fəaliyyəti
dövlətimizə, xalqımıza, qarşı yönəlib.

Lakin o da faktdır ki, xalqımız onların kim olduğunu və hansı
çirkin məqsədlərə xidmət etdiklərini yaxşı bilir. Ona görə bu
antimilli qrupa Azərbaycan cəmiyyətində heç vaxt yer olmayacaq.

Bütövlükdə, cənab Prezident İlham Əliyevin “Euronews” televiziya
kanalına müsahibəsi göstərdi ki, Azərbaycan müasir beynəlxalq
münasibətlər sistemində möhkəm mövqelərə, aydın inkişaf yoluna,
regionda və dünyada gedən proseslərə təsir imkanlarına malik
dövlətdir. Ümumilikdə isə, bu müsahibə respublikamızın
nailiyyətlərinin və strateji hədəflərinin beynəlxalq ictimaiyyət
qarşısındakı növbəti uğurlu təqdimatı oldu.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir