
Bakı. Trend:
Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə 2026-cı ildə
Azərbaycandan Avropa ölkələrinə qaz ixracı artacaq.
Trend bu barədə
agentliyə istinadən məlumat verir.
BEA-nın son hesabatına əsasən, Norveçdən Avropanın qalan
hissəsinə boru kəməri ilə nəql olunan qaz tədarüklərinin 2024-cü
ilki göstəricilərə yaxın olacağı gözlənilir, digər yandan Şimali
Afrika və Azərbaycandan idxalın mülayim artım göstərəcəyi
proqnozlaşdırılır. Bu əlavə tədarüklər 2026-cı ilin iyul ayında
Türkiyə ilə müqavilənin baş çatmasından sonra Rusiya və İrandan
boru kəməri qazı idxalının azalmasını qismən kompensasiya
edəcək.
2025-ci ildə Rusiya qazının Avropa İttifaqına boru kəməri ilə
tədarükü Ukrayna vasitəsilə tranzitin dayandırılması səbəbindən 45%
(təxminən 13 milyard kubmetr) azalmış, eyni zamanda ilin ilk 11
ayında Türkiyəyə ixrac illik ifadədə 2% artmışdır. Avropanın
tələbində Rusiya boru qazının payı təxminən 8% təşkil edib. Şimali
Afrikadan tədarük 4% azalıb, Azərbaycandan Avropa İttifaqına ixrac
isə 2% aşağı düşmüşdür.
BEA proqnozlaşdırır ki, 2026-cı ildə Avropada mayeləşdirilmiş
təbii qaz (MTQ) idxalı artmaqda davam edəcək və hətta rekord
səviyyə olan 185 milyard kubmetri də ötə bilər. Bu, əsasən
anbarların doldurulmasına olan tələbin artması və Ukraynaya boru
kəməri ilə qaz tədarüklərinin artması ilə əlaqədardır.
“Azərbaycanın əmtəəlik qaz istehsalı 2025-ci ilin ilk 11 ayında
2024-cü ilin eyni dövrü ilə müqayisədə 1% (0,5 milyard kubmetr)
artıb. Bu artım qismən Türkiyəyə tədarükün 4% (0,4 milyard kubmetr)
yüksəlməsi hesabına təmin olunub”, – deyə BEA bildirir.
Ümumilikdə, Azərbaycan Energetika Nazirliyinin məlumatına görə,
2025-ci ildə ölkə 51,5 milyard kubmetr təbii qaz istehsal edib.
Bunun 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqları
blokunda, 27,9 milyard kubmetri “Şah Dəniz” yatağında, 1,6 milyard
kubmetri “Abşeron” yatağında, 7,9 milyard kubmetri isə SOCAR-ın
güclərində hasil olunub. Ötən il qaz ixracı 25,2 milyard kubmetr
olub, o cümlədən 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr
Türkiyəyə (bunlardan 5,6 milyard kubmetr TANAP vasitəsilə), 2,3
milyard kubmetr Gürcüstana və 0,5 milyard kubmetr Suriyaya ixrac
edilib.

