
Bakı. Trend:
Bakıda əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX)
və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər
üçün eksternat qaydasında imtahanlar ilk dəfə elektron qaydada
keçiriləcək.
Trend xəbər
verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat
yayıb.
Bildirilib ki, eksternat imtahanları 31 yanvar tarixində
paytaxtdakı 10, 158, 229, 263 nömrəli tam orta ümumtəhsil
məktəblərində və 220 nömrəli məktəb-liseydə təşkil olunacaq.
Eksternat imtahanlarında iştirak etmək üçün Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil
müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta
təhsil səviyyəsini başa vura bilməyən 371 nəfər, tam orta təhsil
səviyyəsini başa vura bilməyən 1 126 nəfər olmaqla, ümumilikdə 1
497 şəxs qeydiyyata alınıb.
İmtahanın vaxtı və məkan haqqında məlumat namizədin qeydiyyatdan
keçdiyi mobil telefona SMS vasitəsilə göndəriləcək. İmtahana
gələcək eksternlərin şəxsiyyət vəsiqəsini özləri ilə gətirməsi
mütləqdir.
Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif
səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura
bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib
müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi
daşıyır.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam
orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan
Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək
hüququna sahib olacaqlar.

