Milli Məclisin İnsan hüquqları komitəsində ilin ilk iclası keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Yanvarın 23-də Milli Məclisin İnsan hüquqları komitəsinin
2026-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan
komitə sədri Zahid Oruc yeni sessiyanın başlaması münasibəti ilə
komitə üzvlərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar
diləyib.

Trend xəbər
verir ki, gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl
Zahid Oruc dünyada və regionda baş verən ictimai-siyasi proseslərə
toxunub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Davosda keçirdiyi görüşlərin əhəmiyyəti barədə fikirlərini
bölüşüb.

Sonra komitə sədri iclasın gündəliyinə 2 məsələnin – 2025-ci
ilin payız sessiyası dövründə İnsan hüquqları komitəsində görülən
işlər barədə hesabatın və komitənin 2026-cı il yaz sessiyası üçün
iş planının layihəsinin daxil edildiyini bildirib.

Komitə sədri, payız sessiyasında komitənin səmərəli fəaliyyət
göstərdiyini, bu müddətdə 10 iclasının keçirildiyini, 11 məsələyə
baxıldığını, o cümlədən 4 qanun layihəsinin Milli Məclisin
müzakirəsinə tövsiyə edildiyini qeyd edib. Bildirilib ki, ötən
sessiya ərzində komitəyə vətəndaşlardan ümumilikdə 328 müraciət
daxil olub.




Daha sonra Zahid Oruc İnsan hüquqları komitəsinin 2026-cı ilin
yaz sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. Qeyd
edilib ki, qarşıdan gələn sessiyada dezinformasiya və rəqəmsal
suverenlik, həmçinin insan haqları mövzularına diqqət yetiriləcək,
qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələri
müzakirə olunacaq, vətəndaşlarla mütəmadi görüşlər təşkil
ediləcək.

Komitənin üzvləri Mircəlil Qasımlı, Azər Allahverənov, Mübariz
Qurbanlı, Səyyad Aran, Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Razi
Nurullayev, Vüqar Rəhimzadə, Elman Nəsirov və Tural Gəncəliyev
müzakirələrdə iştirak edərək məsələlərlə bağlı fikir və
təkliflərini səsləndiriblər.

İclasın sonunda ötən sessiyada komitədə görülmüş işlər
qənaətbəxş hesab olunub, 2026-cı ilin yaz sessiyası üçün iş
planının layihəsi təsdiq edilib.

Tədbirdə deputat Sevil Mikayılova və digər rəsmi şəxslər iştirak
ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir