Parlament diplomatiyası ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayır – Sahibə Qafarova

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova və İspaniya Krallığı
Deputatlar Konqresinin sədri Fransina Armenqol ikitərəfli görüşdən
sonra mətbuata bəyanatla çıxış ediblər.

Trend xəbər verir ki, bu
barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
məlumat yayıb.

Spiker Sahibə Qafarova, İspaniya Deputatlar Konqresi sədrinin
Azərbaycana rəsmi səfərinin mühüm əhəmiyyətini vurğulayaraq, bu
səfərin İspaniya parlament sədrinin Azərbaycana ilk səfəri olduğunu
bildirib.

Ötən ilin may ayında İspaniyaya rəsmi səfərini xatırladan Sahibə
Qafarova, həmin səfərin Milli Məclis sədrinin İspaniyaya ilk rəsmi
səfəri olduğunu bildirib. Onun sözlərinə görə, bu, ölkələrimiz
arasında parlamentlərarası əlaqələrin inkişafına verilən
əhəmiyyətin göstəricisidir. Son dövrlərdə ölkələrimiz arasındakı
fəal siyasi dialoqun müşahidə olunduğunu söyləyən Milli Məclisin
sədri, deyib ki, bu da ikitərəfli əlaqələrin mövcud vəziyyətinin və
gələcək perspektivlərinin ətraflı müzakirəsinə imkan yaradır.

Bugünkü ikitərəfli görüşdə parlamentlərimiz arasında əlaqələrin
müzakirə olunduğunu bildirən spiker Sahibə Qafarova deyib ki,
tərəflər parlament üzvlərinin, ayrı-ayrı nümayəndə heyətlərinin
qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

Beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın,
qarşılıqlı dəstəyin böyük əhəmiyyətə malik olduğunu vurğulayan
Milli Məclisin sədri həmçinin deyib ki, parlamentlərimiz arasındakı
əlaqələri daha da genişləndirmək üçün yaxşı imkanlar mövcuddur.
Fransina Armenqolun səfəri də bu imkanlardan istifadə etmək
niyyətimizi təsdiq edir.

İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol
da mətbuata bəyanatında görüşdə konstruktiv, yaxın və faydalı
müzakirələr aparıldığını qeyd edərək, İspaniya Deputatlar
Konqresinin sədri kimi Azərbaycanda olmaqdan böyük şərəf duyduğunu
söyləyib. O, bu səfərin iki ölkə arasında əlaqələri möhkəmləndirmək
niyyətinə xidmət etdiyini qeyd edib. Konqresin sədri deyib ki,
ölkəsi iki ölkə arasında paylaşdığımız dəyərləri, yüksək səviyyədə
dialoq imkanını daha da möhkəmləndirmək istəyir. Parlament
diplomatiyası ölkələr arasında anlaşmanın, etimadın artırılması və
regional sabitliyə töhfə vermək üçün vacib bir alətdir.

2025-ci il avqustun 8-də Vaşinqton görüşündə imzalanmış
razılaşmadan sonra Azərbaycan və Ermənistan arasında başlayan
münasibətlərin normallaşması prosesində əldə olunan irəliləyişləri
İspaniyanın yüksək qiymətləndirdiyini söyləyən Fransina Armenqol
ümidvar olduğunu bildirib ki, müvafiq şərait yaradıldığı təqdirdə
bu proses Qarabağ regionunda onilliklər boyu davam edən münaqişəyə
son qoyan sülh sazişi ilə nəticələnəcək, həmçinin yeni bir tərəqqi
və əməkdaşlıq dövrünü açacaq.

O həmçinin, qeyd edib ki, İspaniya və Azərbaycan arasında
ikitərəfli əlaqələri dərinləşdirmək üzrə ortaq iradə aşkar şəkildə
ifadə olunur. Görüşdə mövcud razılaşmaların, məsələn, turizm və
təhsil sahəsində anlaşma memorandumu kimi sənədlərin çərçivəsini
genişləndirməyin vacibliyi barədə də fikirlər ifadə olunub.
Deputatlar Konqresinin sədri bildirib ki, hər iki ölkə parlamentlər
arasında əlaqələrin möhkəmlənməsində birgə çalışır. Eyni zamanda,
ölkələrimiz yaşıl enerjinin inkişafında işləməyə razılıq
göstərir.

“Bu mənim Azərbaycana birinci səfərimdir. Biz əməkdaşlığımızı
daha da gücləndirməliyik. Parlamentlər arasında əlaqələrin
möhkəmləndirilməsi üçün hər iki tərəfin deputatları böyük iş
görürlər”, – deyə İspaniya Deputatlar Konqresinin sədri
vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir