Prezident İlham Əliyevin Davos səfəri Azərbaycanın qlobal gündəlikdə mühüm rolunu bir daha nümayiş etdirdi – Azər Qarayev

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvarında Davosda keçirilən Dünya İqtisadi
Forumunun illik toplantısı Azərbaycan üçün təkcə növbəti beynəlxalq
platforma deyil, həm də ölkənin son illərdə formalaşdırdığı yeni
xarici siyasət xəttinin nümayişi baxımından mühüm mərhələ oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosa səfəri
həm siyasi, həm iqtisadi, həm də geosiyasi kontekstdə bir sıra
mühüm mesajlarla yadda qaldı. Bu səfər çərçivəsində Prezident İlham
Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü, “Sülh Şurasının
Nizamnaməsi”nin imzalanması, “Avrasiyanın iqtisadi
özünəməxsusluğunun müəyyənləşdirilməsi” panelində çıxışı və
“Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın yeni qlobal
reallıqlarda tutduğu mövqeyi aydın şəkildə ortaya qoydu. Bu səfər
Azərbaycanın qlobal gündəlikdə mühüm rolunu bir daha nümayiş
etdirdi.

Bunu Trend
açıqlamasında politoloq Azər Qarayev deyib.

“Dünya İqtisadi Forumu uzun illərdir qlobal siyasi və iqtisadi
elitanın əsas müzakirə meydanlarından biri hesab olunur. Burada
səslənən fikirlər, imzalanan sənədlər və keçirilən görüşlər təkcə
ölkələrin imicinə deyil, həm də gələcək geosiyasi və geoiqtisadi
proseslərə birbaşa təsir göstərir. 2026-cı ildəki Davos toplantısı
isə xüsusilə beynəlxalq sistemin transformasiya dövrünə qədəm
qoyduğu bir vaxtda baş tutdu. Prezident İlham Əliyevin “Euronews”a
müsahibəsində vurğuladığı kimi, beynəlxalq münasibətlər bu gün yeni
eraya qədəm qoyur, bu erada vəziyyəti qanunun aliliyi deyil, güc
qaydası idarə edir. Bu reallıq fonunda Azərbaycan öz strategiyasını
milli maraqlar, suverenlik və regional sabitlik üzərində qurduğunu
açıq şəkildə bəyan edir. Davosda aparılan müzakirələr də məhz bu
yanaşmanın praktik nəticələrinin nümayişinə çevrildi”, – o
bildirib.

Politoloqun sözlərinə görə, səfərin əsas siyasi hadisələrindən
biri Davosda “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması oldu. ABŞ
Prezidentinin sədrliyi ilə yaradılan bu qurumun məqsədi Yaxın
Şərqdə və ümumilikdə dünyada münaqişələrin həlli, sülh
proseslərinin institusionallaşdırılmasıdır. Azərbaycanın bu quruma
təsisçi üzv kimi dəvət olunması ölkənin artıq təkcə regional deyil,
qlobal sülh təşəbbüslərində də aktiv rol oynadığını göstərir.

“Prezident İlham Əliyevin bu sənədi digər dövlət və hökumət
başçıları ilə birgə imzalaması Azərbaycanın imicini “münaqişə
yaşayan ölkə” statusundan “sülh yaradan aktor” statusuna yüksəldən
simvolik addım kimi qiymətləndirilə bilər. Xüsusilə nəzərə alsaq
ki, Azərbaycan özü 30 ildən artıq davam edən müharibədən çıxmış bir
ölkədir və bu gün artıq sülhün real faydalarını yaşayan dövlət kimi
çıxış edir.

Davos səfərinin ən diqqətçəkən məqamlarından biri Prezident
İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü oldu. Görüş
zamanı tərəflər ABŞ-Azərbaycan münasibətlərinin müxtəlif sahələrdə
inkişafından məmnunluqlarını ifadə etdilər və ötən ilin avqustunda
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunan
razılaşmalarda Donald Trampın rolunun xüsusi vurğulanması diqqət
çəkdi. Bu görüş əslində iki mühüm siyasi xətti ortaya qoydu.
Birincisi, Azərbaycan-ABŞ münasibətləri yeni strateji mərhələyə
qədəm qoyur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi,
Azərbaycan ABŞ ilə strateji tərəfdaşlıq nizamnaməsini müzakirə
edir. İkincisi isə ABŞ-nin Ermənistan-Azərbaycan sülh prosesində
artıq əsas qlobal aktorlardan biri kimi çıxış etməsidir. Bu
kontekstdə TRIPP layihəsi də xüsusi vurğulandı. Bu layihələr təkcə
regional nəqliyyat marşrutları deyil, həm də Avrasiyanın yeni
geoiqtisadi xəritəsinin formalaşmasında əsas sütunlardan biri kimi
təqdim olunur”, – o bildirib.

A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin Davosdakı bütün
çıxışlarında və müsahibəsində əsas xətt Ermənistan-Azərbaycan sülhü
oldu. Bu, artıq sadəcə diplomatik ritorika deyil, konkret iqtisadi
və siyasi reallıqlarla müşayiət olunan proses kimi təqdim
edilir.

“”Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi”
panelində Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, artıq
regionda de-fakto sülh mövcuddur və bu sülhün ilk real nəticələri
iqtisadi əməkdaşlıqda özünü göstərir. Azərbaycandan Ermənistana
neft məhsullarının ixracı, idxal edilən taxılın Azərbaycan
üzərindən Ermənistana çatdırılması, malların Gürcüstan ərazisi ilə
daşınması və gələcəkdə birbaşa dəhlizlərin açılması bu prosesin
konkret göstəriciləridir. Ən diqqətçəkən məqamlardan biri isə
Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın açıqlamaları oldu. O, açıq
şəkildə etiraf etdi ki, artıq Ermənistanda insanlar avtomobillərinə
Azərbaycan benzini doldururlar və bu, bir neçə il əvvəl təsəvvür
belə edilə bilməyəcək bir reallıqdır. Bu fakt sülhün təkcə siyasi
sənədlərdə deyil, gündəlik həyat səviyyəsində də özünü göstərdiyini
sübut edir”, – o bildirib.

Politoloq vurğulayıb ki, Davos müzakirələrinin əsas
mövzularından biri Avrasiyanın gələcək rolu idi. Prezident İlham
Əliyev bu kontekstdə Azərbaycanın coğrafi mövqeyini strateji
üstünlük kimi təqdim etdi. Xəzərdən Türkiyəyə, oradan Avropaya
uzanan yeni nəqliyyat dəhlizləri – xüsusilə TRIPP layihəsi –
regionu qlobal ticarət sisteminin əsas qovşaqlarından birinə
çevirir.

“Artıq Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana
yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb.
Bu isə Azərbaycanın təkcə enerji deyil, logistika və tranzit
mərkəzinə çevrildiyini göstərir. Bu mənzərə Azərbaycanın xarici
siyasətində yeni mərhələnin əsas xüsusiyyətini əks etdirir: ölkə
özünü qlobal bağlantı mərkəzi kimi təqdim edir. Prezident İlham
Əliyevin “Euronews”a müsahibəsində enerji məsələsi də xüsusi yer
tutdu. O qeyd etdi ki, Azərbaycan artıq 16 ölkəyə təbii qaz ixrac
edir və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı
ilə coğrafi əhatəyə görə Azərbaycan dünyada birinci yerdədir. Bu
fakt Azərbaycanın Avropa enerji təhlükəsizliyində əsas oyunçulardan
birinə çevrildiyini göstərir. Ermənistanın da artıq enerji
ehtiyatlarını Azərbaycandan idxal etməsi isə regionda yeni iqtisadi
asılılıq modelinin formalaşdığını göstərir: münaqişə üzərində
qurulmuş təhlükəsizlik yox, qarşılıqlı iqtisadi maraqlara əsaslanan
sabitlik. Prezident İlham Əliyevin Avropa Parlamenti ilə bağlı
səsləndirdiyi fikirlər də diqqətçəkən idi. “Biz artıq buna reaksiya
vermirik” – bu cümlə Azərbaycanın Avropa strukturları ilə
münasibətlərində yeni mərhələnin simvolu kimi çıxış edir.
Azərbaycan özünü daim müdafiə edən tərəf kimi deyil, müstəqil
siyasət yürüdən və kənar tənqidlərə emosional reaksiya verməyən
aktor kimi təqdim edir. Dövlət başçısının sözlərinə görə, Avropa
Parlamentinin qərəzli mövqeyi müəyyən lobbi qruplarının
fəaliyyətinin nəticəsidir və Ermənistanın özü Azərbaycanla
münasibətləri yüksək qiymətləndirdiyi halda bu tənqidlər
absurddur”, – o bildirib.

A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin Davosa səfəri
göstərdi ki, Azərbaycan artıq regional münaqişələrin subyekti
deyil, sülhü təşviq edən, iqtisadi və nəqliyyat bağlantılarını
formalaşdıran və qlobal gündəliyə təsir göstərən aktordur.

“Ermənistanla münasibətlərin normallaşması, ABŞ ilə strateji
tərəfdaşlığın dərinləşməsi və Avrasiyada yeni dəhlizlərin
formalaşması Azərbaycanın yaxın illərdə regionun əsas siyasi və
iqtisadi mərkəzlərindən birinə çevriləcəyini göstərir. Bu baxımdan
Davos səfəri Azərbaycanın beynəlxalq sistemdə yeni statusunun –
sülh yaradan və əlaqələndirici güc kimi çıxış edən dövlət modelinin
– simvolik və real təsdiqi oldu”, – politoloq əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir