“Xəbər dilində məsuliyyət, ənənəvi media və rəqəmsal platformalarda tipik səhvlər” mövzusunda təlim keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində
fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan
dili” mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.

Trend xəbər
verir ki, təlimin üçüncü günündə ustad dərslərini Əməkdar
jurnalist, AzTV-nin “Analitik qrupu”nun rəhbəri Faiq Hüsiyev, Bakı
Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının
dosenti Fikrət Şiriyev, BDU-nun Yeni media və kommunikasiya
nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova keçib.

Faiq Hüsiyev təlimdə “Müasir televiziyada yeni trendlər”
mövzusunda çıxış edib. O, jurnalistikanın bugünkü çağırışlarından,
televiziya sahəsində baş verən dəyişikliklərdən və analitik
verilişlərin efirlərdə artan rolundan danışıb.

Eyni zamanda, “ümumi türk dili” adı altında bəzi sözlərin
dilimizə daxil edilməsinin düzgün olmadığını, Azərbaycan dilinin
saflığının, televiziya dilinin təmizliyinin qorunmasının
vacibliyini vurğulayıb. Çıxış zamanı Faiq Hüsiyev hər bir dövrün
əsas tələbinin yeniliklərə uyğunlaşmaq olduğunu, süni intellektin
isə yaxın gələcəkdə media sahəsində ciddi rəqibə çevriləcəyini
diqqətə çatdırıb.

BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev
isə “Media dili: səhvlər, vərdişlər və məsuliyyət” mövzusunda çıxış
edib.

Təlimdə dilin inkişafı, xüsusilə terminlər, beynəlxalq sözlər
mövzusunda geniş müzakirələr aparılıb. Fikrət Şiriyev qeyd edib ki,
dillərin inkişafı çox vaxt başqa dillərdən alınan sözlərlə
bağlıdır. Məsələn, Azərbaycan dilində alınma sözlərin payı 60 faizə
qədərdir. Son 30 ildə isə xüsusilə Avropa dillərindən çox sayda söz
qəbul edilib.




Dosent, həmçinin dilin inkişafına təsir edən digər faktorları da
qeyd edərək, latın dilinin dünyada əsas elmi, dini və hüquqi dil
kimi geniş yayıldığını vurğulayıb. O, alınma sözlərin ana dilinə
mənfi təsir etməsi ilə bağlı yanlış fikirlərin mövcud olduğunu da
bildirib.

BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının
müdiri, dosent Xatirə Hüseynova “Televiziya, radio və ictimai
çıxışlarda yol verilən tipik səhvlər – savadlı şifahi nitq:
tələffüz, intonasiya və vurğu məsələləri” mövzusunda çıxış
edib.

Təlimdə televiziya, radio və ictimai çıxışlarda rast gəlinən
nitq səhvlərinə dair geniş müzakirələr aparılıb. Xatirə Hüseynova
nitqin yalnız filologiya sahəsi olmadığını və onun öyrənilməsinin
iki əsas sahəyə – danışıq texnikası və dil təmizliyinə bölündüyünü
qeyd edib. O, həmçinin nitq və dil arasındakı fərqləri izah edərək,
düzgün nitqin xüsusiyyətlərini və gözəlləşdirilmə üsullarını
diqqətə çatdırıb.

Xatirə Hüseynova düzgün nəfəs almağın və nəfəs vermənin
vacibliyi, dialektlərin tələffüzdə istifadəsinin qəbuledilməz
olması ilə bağlı mövzuya da toxunub. Xüsusilə televiziya
jurnalistikasında dialektlərin istifadəsinin yanlış olduğunu,
yalnız bəzən müsahibənin dilində bu cür ifadələrin rəng qatmaq
məqsədilə yer ala biləcəyini bildirib.

Qeyd edək ki, keçirilən bu təlimlərin əsas məqsədi media
mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma
çərçivəsində istifadəsinin təşviq olunmasıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir