
Bakı. Trend:
Bakıda beton sahəsinə həsr olunmuş beynəlxalq “ICCX
Academy Baku” konfransı və sərgisi keçiriləcək. 29
yanvarda JW Marriott Absheron Baku Hotel-də təşkil olunacaq tədbirə
Norm şirkəti ev sahibliyi edəcək. Bu platforma vasitəsilə Norm
ölkənin inşaat sənayesinin peşəkarlarını bir araya gətirərək, yerli
və beynəlxalq təcrübələrin qarşılıqlı paylaşılması üçün mühit
yaradacaq.
Müasir beton texnologiyaları və inşaat sahəsindəki qabaqcıl
trendləri ön plana çıxaran tədbirin gündəliyinə bir çox əhəmiyyətli
mövzular daxil edilib. Konfransda Azərbaycanın inşaat sənayesinin
gələcəyində innovasiyaların və dayanıqlı inkişafın rolu, əsas
inşaat materialı kimi betonun əhəmiyyəti, eləcə də müasir beton
istehsalında tətbiq olunan yanaşmalar və praktik həllərdən
danışılacaq. Eyni zamanda, Avropa və Şərq ölkələrinin qabaqcıl
təcrübələri bölüşülərək regional və beynəlxalq baxış bucaqları bir
araya gətiriləcək. Konfransla yanaşı sərgi iştirakçısı olan 20-yə
yaxın beynəlxalq şirkət öz məhsul və xidmətlərini ziyarətçilərə
təqdim edəcək.
Zəngin bilik və təcrübələrin bölüşüldüyü “ICCX Academy Baku”
beynəlxalq beton konfransı və sərgisi Azərbaycanda keçirilən və
Norm şirkətinin ev sahibliyi etdiyi üçüncü belə tədbir olacaq.
Bundan öncə 2019 və 2023-cü illərdə keçirilmiş tədbirlər beton və
inşaat sahəsinin yerli və beynəlxalq mütəxəssislərini bir araya
gətirərək, sənayedəki yeniliklərlə bağlı məlumat mübadiləsinə
şərait yaratmışdı. Bu dəfə də “ICCX Academy Baku” sektorun
gələcəyinə yön verən yeni ideyaların və innovativ yanaşmaların
müzakirəsini dəstəkləyən peşəkar dialoq platforması rolunu
oynayacaq.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq
şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

