
Bakı.Trend:
AZCON Holdinq şirkətlərindən olan ASCO-nun yerləşdirdiyi
sifarişə uyğun olaraq Bakı Gəmiqayırma Zavodunda (BGZ) tikilən üç
yeni tanker üzrə işlər davam edir.
Trend xəbər
verir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilib ki, hazırda həmin tankerlərdən birinin tikinti
işlərinin təxminən 40%-i tamamlanıb. Digər iki gəmi üzrə prosesin
35%-i geridə qalıb.
Maksimal sürəti 10 uzel, dedveyti 7740 ton olacaq tankerlərin
uzunluğu 141, eni 16.98, bortunun hündürlüyü 6 metr təşkil edəcək.
Gəmilərin xüsusi konstruksiyası onların dayaz limanlara tam yüklə
yanaşmasına imkan verəcək.
Tankerlər müasir beynəlxalq tələblərə, o cümlədən ən yüksək
təhlükəsizlik və ekoloji standartlara cavab verən innovativ layihə
əsasında inşa olunur.
Qeyd edək ki, ASCO-nun sifarişi ilə indiyədək BGZ-də dörd ədəd
tanker inşa edilərək təhvil verilib. Onlardan “Laçın” və “Kəlbəcər”
neft və neft məhsulları, “Akademik Xoşbəxt Yusifzadə” və “Zəngilan”
isə həm neft, həm də kimyəvi məhsulların daşınmasında istismar
edilir. Hazırda inşası davam edən tankerlər də “Akademik Xoşbəxt
Yusifzadə” və “Zəngilan” gəmiləri ilə eyni layihədəndir.

