
Bakı.Trend:
Paytaxtın bəzi ərazilərində tikililər qeyri-qanuni olaraq
mühafizə zolağında, magistral içməli və tullantı su xətlərinin
üzərində tikilib. Həmin xətlər istismar müddətinin bitməsi
səbəbindən, ya da üzərində qanunsuz inşa edilən tikililərin
ağırlığından sıradan çıxır.
Trend xəbər
verir ki, bu barədə ADSEA məlumat yayıb.
Bildirilib ki, Biləcəri qəsəbəsi, Tomris və Zeytun küçələrində
kollektorun üzərində evlər tikildiyinə və sakinlərin
konstruksiyasını zədələyərək fərdi kanalizasiya təchizatlarını
magistral xəttə qoşduqlarına görə yararsız hala düşən xətt İri
Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən yenisi ilə
əvəzlənir.
Kanalizasiya təsərrüfatının mövcud vəziyyəti barədə sakinlərə
öncədən xəbərdarlıq edilib. Onlara bildirilib ki, su təchizatı və
kanalizasiya sistemlərinin mühafizə ərazisində, boruların üzərində
tikililərin olması böyük təhlükələrə yol açır. Belə vəziyyətdə
yüklənmə nəticəsində həm təchizat sistemi sıradan çıxar, həm də
evlərə ziyan dəyər.
Hazırda yararsız hala düşən tullantı su kollektorunun yeri
dəyişdirilir. Yeni xətt Atropat, Tomris, Atilla, Kəhriz və Yaşar
Sadıqov küçələrinin müəyyən hissələrini əhatə edir.
Diametri 1000 mm olan qəzalı kollektorun əvəzinə yeni magistral
xəttin çəkilməsi işləri çərçivəsində, uzunluğu 1152 metr yeni
tullantı su xətti inşa edilir. Hazırda xəttin 1068 metr hissəsi
çəkilib.
Layihəyə uyğun olaraq 22 ədəd quyu nəzərdə tutulub. Onlardan 14
ədədi tikilib. Eyni zamanda layihə çərçivəsinə 2304 metr abonent
xətti çəkilir.
Ərazidə ümumi funksionallığı təmin etmək üçün diametri 300 mm
olan boru ilə 1050 metr kanalizasiya kollektorunun inşası da
nəzərdə tutulub.
Yasamal rayonu, Həbib bəy Səlimov küçəsində evlər su xəttinin
üzərində inşa olunub. Yüklənmə nəticəsində qəzalı vəziyyət
yarandığı üçün 48 metr yeni xətt çəkilərək istismara verilib.
Tullantı su xəttinin üzərində tikili olan daha bir ünvan
Nərimanov rayonu, Montin yaşayış massivi, Şahin Mustafayev
küçəsidir. Küçədən keçən mövcud kanalizasiya xəttində qəza baş
verib. Qəzalı hissə fərdi yaşayış evinin altında qaldığına görə
xəttin bərpası mümkün olmayıb. Bu səbəbdən yeni xəttin çəkilməsi
məcburiyyəti yaranıb. Ərazinin torpaq örtüyü qaya daşlarından
ibarət olduğuna görə xüsusi texnika cəlb edilib. İşlər yaxın
günlərdə yekunlaşdırılacaq.

