Dünya Bankı Azərbaycanda 54 layihəyə təqribən 5,2 milyard dollar məbləğində vəsait ayırıb – Nazir

Baş səhifə

Bakı. Trend:

Yanvarın 26-da Azərbaycan Respublikasının maliyyə naziri Sahil
Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə
regional direktoru Çarlz Kormyerin rəhbərlik etdiyi və Cənubi
Qafqaz üzrə regional direktor xanım Roland Praysın da təmsil
olunduğu nümayəndə heyəti ilə görüşüb.

Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Görüş zamanı Azərbaycanla Dünya Bankı arasında əməkdaşlğın
mövcud vəziyyəti və inkişaf perspektivləri, Bankın maliyyə dəstəyi
ilə həyata keçirilən layihələr, xüsusilə infrastruktur, şəhər
inkişafı, energetika və rəqəmsal sahələr üzrə cari və gələcək
proqramlar müzakirə edilib.

Nazir Sahil Babayev bildirib ki, Azərbaycanla Dünya Bankı
arasında 30 ildən artıq davam edən tərəfdaşlıq çərçivəsində Bank
tərəfindən ölkəmizə dəstək məqsədilə ümumilikdə 54 layihəyə
təqribən 5,2 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb və bu
əməkdaşlıq ölkədə iqtisadi islahatların həyata keçirilməsi və
dayanıqlı infrastrukturun təmin olunmasına mühüm töhfələr
verib.




Görüşdə Dünya Bankı ilə həyata keçirilən layihələrin icra
vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, “Bərpa
Olunan Enerji Mənbələrindən İstifadənin Genişləndirilməsi” (AZURE)
layihəsi çərçivəsində tikilən günəş və külək elektrik stansiyaları
ölkənin enerji sisteminə inteqrasiya olunmaqla dayanıqlı enerji
infrastrukturunun inkişafını təmin edir. Bununla yanaşı,
“Məşğulluğa dəstək” layihəsi və onun əlavə maliyyələşdirilməsi
təşəbbüsləri işsiz əhalinin məşğulluq imkanlarının
genişləndirilməsini və işğaldan azad olunmuş ərazilərdə dayanıqlı
məskunlaşmanı dəstəkləyir. Eyni zamanda, “Regional yollar və
inkişaf” layihəsi regionlararası nəqliyyat bağlantılarını
gücləndirərək ümumi iqtisadi fəallığın canlanmasına imkan
yaradır.

Öz növbəsində, Çarlz Kormyer təmsil etdiyi qurumun Azərbaycanla
uzunmüddətli və səmərəli əməkdaşlığa böyük önəm verdiyini və ölkədə
aparılan iqtisadi islahatları yüksək qiymətləndirdiklərini diqqətə
çatdırıb. Bildirilib ki, Azərbaycanla infrastruktur, yaşıl enerji,
şəhərsalma və logistika sahələrində əməkdaşlığın
genişləndirilməsində böyük potensial var və bu sahələrdə həyata
keçiriləcək təşəbbüslər ölkədə dayanıqlı inkişafın təmin olunmasına
və iqtisadi imkanların genişlənməsinə şərait yaradacaq.

Görüş zamanı həmçinin, Dünya Bankının kredit vəsaiti hesabına
maliyyələşdirilməsi nəzərdə tutulan “Bakı Beynəlxalq Dəniz Ticarət
Limanının genişləndirilməsi”, “Rəqabətli və Dayanıqlı Kənd
Təsərrüfatı və Suvarma Xidmətləri” və “Yaşanılabilən Bakı”
layihələri barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunan
layihələrin reallaşdırılmasına zəmin yaradacaq institusional,
texniki və maliyyə xarakterli tədbirlər, eləcə də tərəflər arasında
əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir