
Bakı. Trend:
Azərbaycan və İsrail möhkəm siyasi etimad təməlinə malikdir.
Trend xəbər verir
ki, bunu Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov bu gün
Bakıda keçirilən Azərbaycan-İsrail biznes-forumunda deyib.
“Azərbaycan və İsrail uzun illər ərzində siyasi və institusional
səviyyələrdə qarşılıqlı fəaliyyət nəticəsində formalaşmış möhkəm
siyasi etimad və konstruktiv dialoq təməlinə malikdir. Qeyd etmək
lazımdır ki, yüksək səviyyəli təmaslar ikitərəfli münasibətlərin
möhkəmləndirilməsində mühüm rol oynayır. Xüsusilə, ötən həftə
Davosda keçirilən Dünya İqtisadi Forumunun çərçivəsində iki ölkənin
prezidentlərinin görüşünü qeyd etmək olar. Görüş zamanı tərəflər
Azərbaycan–İsrail münasibətlərinin geniş istiqamətlər üzrə ardıcıl
inkişafını nəzərdən keçirib və əməkdaşlığın daha da
genişləndirilməsi üçün perspektivli imkanları müəyyənləşdiriblər”,
– deyə o bildirib.
Onun sözlərinə görə, İsraillə iqtisadi əməkdaşlığın
dərinləşdirilməsi Azərbaycan üçün strateji prioritet olaraq qalır
və qarşılıqlı maraq doğuran sahələrdə praktik və nəticəyönümlü
yanaşma əsasında həyata keçirilir.
M.Cabbarov qeyd edib ki, paralel olaraq ikitərəfli
müqavilə-hüquqi bazanın möhkəmləndirilməsi də davam etdirilir.

