
Bakı. Trend:
26 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikası Audiovizual
Şurasında televiziya kanallarının proqram direktorları və baş
redaktorları ilə “Televiziya yayımında Azərbaycan dilinin
saflığının qorunmasına nəzarət” mövzusunda görüş keçirilib.
Bu barədə Trend-ə Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, görüşdə televiziya yayımında xarici sözlərdən
istifadə ilə bağlı Audiovizual Şuranın apardığı monitorinqlər üzrə
2025-ci ilin dekabr ayının statistikası müzakirə olunub.
Keçən ilin son ayında ümumölkə yerüstü və peyk yayımında olan 14
televiziya kanalının efiri süni zəka əsaslı proqram vasitəsilə
monitorinq olunub. Monitorinq zamanı bədii filmlər, seriallar,
tamaşalar və digər bədii əsərlər, həmçinin xarici vətəndaşların
çıxışları nəzərə alınmayıb.
İlkin müşahidələr nəticəsində ən çox rast gəlinən xarici
sözlərin istifadəsi yoxlanılıb. Daha sonra həmin sözlərin siyahısı
AMEA-nın Dilçilik İnstitutuna təqdim olunub, onların həqiqətən
xarici söz kimi Azərbaycan dilində qarşılığının olub-olmamasının
bildirilməsi xahiş olunub. Dilçilik İnstitutunun rəsmi rəyinə
əsasən təqdim olunmuş sözlərdən 33-ü Azərbaycan dilində qarşılığı
olan xarici söz kimi müəyyən edilib. Bundan sonra, monitorinqin
nəticələri dəqiqləşdirilib və yenilənib.
Monitorinqin ümumi nəticələrinə əsasən, dekabr ayında Azərbaycan
dilində qarşılığı olan 33 xarici söz 14 televiziya kanalının
aparıcıları tərəfindən ümumi olaraq 1 366 dəfə istifadə olunub.
Görüşdə aparılan monitorinq işlərinin davamlı olacağı diqqətə
çatdırılıb, monitorinqin nəticələrinin televiziya yayımçıları
tərəfindən ciddi nəzərə alınması tövsiyə olunub. Yayımçılara bu
istiqamətdə redaksiya nəzarətinin gücləndirilməsinin vacibiyi
bildirilib, növbəti monitorinqlərin nəticələrinə əsasən Azərbaycan
dilində qarşılığı olan xarici sözlərdən yersiz istifadə hallarında
tendensiyanın azalmayacağı təqdirdə, qanunvericiliyiə müvafiq
olaraq inzibati tənbeh tədbirlərinin tətbiq ediləcəyi qeyd
olunub.

