
Bakı. Trend:
Yanvarın 26-da Bakı şəhərində Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyi və Mərakeş Krallığının Xarici İşlər, Afrika
Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər Nazirliyi arasında
siyasi məsləhətləşmələrin dördüncü raundu keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, siyasi
məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin
müavini Yalçın Rəfiyev, Mərakeş Krallığı tərəfindən isə Xarici
İşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər
Nazirliyinin Asiya və Okeaniya məsələləri üzrə baş direktoru Ömər
Kadiri rəhbərlik edib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi,
iqtisadi-ticarət, enerji, nəqliyyat, turizm, təhsil, idman və digər
sahələrdə əlaqələrin hazırkı vəziyyəti və gələcək əməkdaşlığın
inkişaf perspektivləri müzakirə edilib.
Çoxtərəfli platformalarda iki ölkə arasında əməkdaşlığın
vəziyyəti ilə bağlı məmnunluq ifadə edilib və bu təcrübənin davam
etdirilməsinin zəruriliyi qeyd olunub.
Qarşı tərəfə regionumuzdakı son inkişaflar, sülh gündəliyi,
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və
quruculuq işləri barədə məlumat verilib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional və
beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.

