
Bakı. Trend:
Beynəlxalq inkişaf banklarının Bakı Fond Birjasında (BFB) yerli
valyutada (manat) emissiya etməyə marağı var.
Bunu Trend-ə
müsahibəsində Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri
Ruslan Xəlilov deyib.
O, müsahibəsində əvvəlcə rəhbərlik etdiyi qurumun 2025-ci il
üzrə naliyyətlərindən bəhs edib:
“Ötən il Bakı Fond Birjası olaraq texnoloji infrastrukturumuzun
tam və dərin diaqnostikasını apardıq. Ticarət sistemlərimiz vahid
platforma üzərində qurulub və həmin platforma üzrə geniş yoxlamalar
həyata keçirildi. Diaqnostikanın nəticələrinə əsasən sistemin
harmonizasiyası və sabitliyinin artırılması məqsədilə “in-house
stabilization” (daxili stabilizasiya) işləri görüldü. Paralel
olaraq bir neçə stress test (yüksək yüklənmə sınaqları) aparıldı
ki, platformanın böyük həcmli əməliyyatlara tam hazır olduğuna əmin
olaq.
Bu yoxlamalar hər il həyata keçirilir, lakin ötən il daha geniş
və detallı aparıldı. Çünki bazara çoxsaylı IPO-ların (ilkin
səhmlərin yerləşdirilməsi) və istiqraz emissiyalarının daxil
olacağı istisna edilmir. Məqsəd texnoloji platformanın yüz minlərlə
orderin “processing”ini (emalı) problemsiz həyata keçirə
bilməsidir. Əminliklə deyə bilərəm ki, Bakı Fond Birjası çoxsaylı
emissiyaların həyata keçirilməsinə tam hazırdır.
Daxili transformasiya prosesi çərçivəsində növbəti strateji
dövrə keçid edirik. Bu mərhələdə əsas fokus texnoloji hazırlığın və
“technological integration”ın (texnoloji inteqrasiya)
gücləndirilməsidir. Hədəf təkcə BFB daxilində deyil, ümumilikdə
kapital bazarı üzrə inteqrasiyanın artırılmasıdır.
Hazırda treydinq platformamız iki investisiya şirkətinin tətbiqi
vasitəsilə iki bankla inteqrasiya olunub. Son məqsəd bazardakı
bütün investisiya şirkətlərinin öz tətbiqləri üzərindən Bakı Fond
Birjasına qoşulmasıdır. Eyni zamanda, investisiya lisenziyası alan
bankların da sistemlərinin inteqrasiyası nəzərdə tutulur. Bu,
“retail investor” (fərdi investor) üçün maksimal rahatlıq yaradır,
yəni investor bir kliklə öz brokerinin tətbiqi vasitəsilə birjada
ticarət edə bilir. Hazırda bu model Azərbaycan Beynəlxalq Bankı
(ABB) səhmləri üzrə aktiv şəkildə işləyir”.
R. Xəlilov ötən il əldə edilmiş nailiyyətlərdən bəhs edərkən
Bakı Fond Birjasının Tabadul layihəsi çərçivəsində Abu Dhabi
Exchange (ADX ), Milli Depozit Mərkəzi və Azər Türk Bank arasında
kollektiv mübadilə razılaşması imzaladığını xüsusi vurğulayıb və bu
əməkdaşlığın perspektivlərindən danışıb:
“Bu sənəd texnoloji qoşulmaların və test mərhələsinin
başlanmasına imkan verdi. Hazırda BFB “Tabadul Trading Hub”a
(Tabadul Ticarət Mərkəzi) texnoloji inteqrasiya üzrə testləri davam
etdirir. Bu işlərin əsas məqsədi həm yerli bazar üzrə inteqrasiyanı
gücləndirmək, həm də “cross-border integration”ı (sərhədlərarası
inteqrasiya) problemsiz şəkildə həyata keçirməkdir. Tabadul Hub
birja-hub modeli kimi fəaliyyət göstərir və müxtəlif ölkələrin
birjalarını vahid məkanda birləşdirir. Bu mexanizm vasitəsilə,
məsələn, Əbu-Dabidə fəaliyyət göstərən hər hansı bir broker Bakı
Fond Birjasında birbaşa ticarət apara bilər. Bunun üçün isə həmin
broker Bakı Fond Birjasının üzvü olmalıdır. Hazırda müvafiq
qanunvericilik hansısa xarici brokerin Bakı Fond Birjasının üzvü
olmasına qadağa qoymur. Lakin burada bir çox tələblər var. Məsələn,
xarici brokerin Bakı Fond Birjasına qoşulması üçün burada
ofislərinin açılması və yaxud yerli əlaqələndirici nümayəndəsinin
olması tələb olunur. Bu tələblərin daha da sadələşdirilməsi üçün
biz AR Mərkəzi Bankı tərəfindən aparılan qiymətli kağızlar bazarı
haqqında qanunvericiliyə baxış və dəyişikliklərin təklif olunması
layihəsi çərçivəsində Mərkəzi Bankla öz fikirlərimizi
bölüşmüşük”.
R. Xəlilov vurğulayıb ki, hazırda inteqrasiya prosesləri əsasən
Tabadul platforması üzərindən həyata keçirilir:
“Bununla yanaşı, bir sıra regional və qlobal brokerlərlə də
aktiv danışıqlar aparılır. Şəxsən öz iştirakımla keçirilən bu
görüşlərdə qlobal brokerlərin öz sistemlərinə Bakı Fond Birjasının
(BFB) platformasını qoşması üçün hansı şərtlərin tələb olunduğu,
hansı meyarlara diqqət yetirildiyi, eləcə də bazarın dövriyyəsi ilə
bağlı gözləntiləri müzakirə olunur.
Bu istiqamətdə əsas məqsəd ondan ibarətdir ki, gələcəkdə belə
bir inteqrasiya mümkün olarsa, bunun üçün hansı texniki,
institusional və bazar şərtlərinin təmin edilməli olduğunu
əvvəlcədən müəyyənləşdirək. Eyni zamanda, bu modelin yerli bazar
üçün hansı üstünlüklər yarada biləcəyi və hansı potensial
çatışmazlıqların mövcud ola biləcəyi də təhlil edilir.
Qeyd edim ki, qlobal brokerlərin əksəriyyəti “multinational
trading facility” (çoxtərəfli ticarət platforması) modeli əsasında
fəaliyyət göstərir və adətən “smart order routing” (ağıllı sifariş
yönləndirmə) sistemi tətbiq edirlər. Bu sistem vasitəsilə
platformada göstərilən qiymətli kağız bir neçə birjada
listinqdədirsə, sifariş avtomatik olaraq ən aşağı qiymət və ən
minimal komissiya təklif edən bazara yönləndirilir.
Bu baxımdan, ən azı həmin platformalarda Bakı Fond Birjasında
ticarətdə olan və kotirovkaya çıxarılmış qiymətli kağızların
nümayiş etdirilməsi belə, bazarımız üçün mühüm bir inteqrasiya
addımı ola bilər”.
R. Xəlilov müsahibəsində eyni zamanda Avropa Yenidənqurma və
İnkişaf Bankının (AYİB) dəyişən faiz dərəcəli manat istiqrazlarının
Bakı Fond Birjasında ticarətə buraxılmasından da bəhs edib və bunu
bazar üçün çox önəmli hadisə kimi dəyərləndirib:
“Bu, həm yerli valyutada, həm də “floating rate note” (dəyişkən
faizli istiqraz) formatında ilk beynəlxalq maliyyə qurumu
emissiyasıdır. Hətta ikinci bazarda bir əməliyyat da reallaşıb.
Burada təxminən 3 milyon manatlıq əməliyyat baş tutub.
AYİB-in dəyişən faiz dərəcəli manat istiqrazlarının kapital
bazarında ticarətə buraxılmasının digər faydası ondan ibarətdir ki,
hələ tez olsa da, bu, gələcəkdə faiz dərəcəsi svoplarının (Interest
rate swap) əməliyyatlarının tranzaksiyalarına gətirib çıxara bilər.
Ən azından hazırda bazarda birinci addım kimi dəyişkən faizli
istiqraz var, indiyədək bu yox idi. Bu çox vacib addım oldu.
Hazırda bir sıra digər beynəlxalq maliyyə institutları ilə də
istiqraz emissiyaları üzrə danışıqlar aparılır. Beynəlxalq inkişaf
banklarının yerli valyutada emissiya etməyə marağı var, çünki bu,
“currency risk”in (valyuta riskinin) daha effektiv idarə olunmasına
imkan verir. Ünsiyyətdə olduğumuz bir çox beynəlxalq maliyyə
təşkilatları Bakı Fond Birjasında istiqraz emissiyasında
maraqlıdırlar. Qonşu ölkələrdə bu praktikalara rast gəlirik. Amma
konkret olaraq hansının nə zaman emissiya edəcəyini demək doğru
olmaz. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq inkişaf
banklarının deyərdim ki, hər birinin emissiya etməyə marağı var. Ən
azından ona görə ki, bu banklar beynəlxalq inkişaf banklarıdır və
onlar üçün ən uyğun həll yolu odur ki, yerli valyutada öz risk
dərəcələrində istiqraz buraxsınlar və istiqrazdan, məsələn, əldə
etdikləri vəsaiti yerli strateji layihələrə elə yerli valyutada
yönləndirsinlər.
Biz həmin beynəlxalq maliyyə təşkilatları ilə görüşürük, dəvət
edirik və yaxşı əlaqədəyik. Onlara daxili bazar barədə məlumat
veririk”.
“Artıq o zamana gəlmişik ki, dövlət müəssisələri istiqraz
emissiyaları ilə bazara çıxmalıdırlar. Bakı Fond Birjasının
Müşahidə Şurası tərəfindən təsdiq olunmuş “2024-2026-cı illər üzrə
Strateji İnkişaf planı”nında əsas strateji təşəbbüslərdən biri
dövlət müəssisələrinin istiqrazlara təşviq edilərək cəlb
olunmasıdır. Biz aktiv şəkildə dövlət müəssisələri ilə danışıqlar
aparırıq. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə də bundan əvvəl
bir neçə dəfə görüşmüşdük və hətta ADY üçün yerli kapital bazarı
imkanları haqqında qısa bir məlumat xarakterli təqdimat da
hazırlamışdıq. Çox sevinirəm ki, “Azərbaycan Dəmir Yolları” QSC
(ADY) istiqrazların emissiyasına başladı.
Bizdə olan məlumata görə, nəqliyyat-logistika sektorundan
istiqraz emissiyası buraxmaq niyyətində olan daha 1-2 şirkət də
var. Biz bu şirkətlərin hamısı ilə danışıqlar aparırıq. Bəzi
şirkətlərə hətta lazım olan əlavə məlumatları da hazırlayıb
göndəririk ki, onların qərarverməyinə daha çox yardım olsun. Yəni
bir neçə həm dövlət, həm də qeyri-dövlət şirkətləri var ki, onlar
istiqraz emissiyasına kifayət qədər maraqlıdırlar”, – deyə R.
Xəlilov qeyd edib.
Bundan başqa, sədr ötən ilin mart ayında SOCAR-ın “yaşıl
istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıldığını
xətrladəb və qeyd edib ki, “yaşıl istiqraz”lar 5 illik müddətə
buraxılır və ümumi buraxılış məbləği 200 milyon ABŞ dollarıdır:
“Biz Bakı Fond Birjası olaraq “yaşıl istiqraz”ları dəstəkləmək üçün
ayrıca bir “Green Bond Segment” (“yaşıl istiqrazlar” seqmenti)
yaratmışıq. Həmin bazar seqmenti üçün bütün listinq komissiyalarını
sıfırlamışıq. Yəni “yaşıl istiqraz” və yaxud da yaşıl kağız olaraq
listinqə çıxmaq istəyən şirkət müvafiq kriteriyalara uyğun gəlirsə,
listinq haqqından azad edirik. Bazarda bu istiqamədə müəyyən
sahələr üzrə şirkətlərin marağı var. Xüsusən də enerji sektorunda
“yaşıl istiqraz” buraxmaq istəyən şirkətlər var. Logistika sektoru
üzrə də bir qism şirkətin “yaşıl istiqraz”a marağının olduğunu
görürük. Sadəcə olaraq burada investisiya bankçılığı rolunu oynayan
şirkətlərdən də çox şey asılıdır. Yəqin ki, zamanla “yaşıl
istiqraz”lar üzrə əlavə buraxılışları görəcəyik”.
R. Xəlilov, həmçinin manat gəlirlilik əyrinin dərinləşdirilməsi
üçün lazımi addımlarla bağlı bəhs edərkən söyləyib ki, “yield
curve” (gəlirlilik əyrisi) bazar üçün fundamental əhəmiyyət
daşıyır:
“Bu əyri emitentlər üçün baza faiz dərəcəsi rolunu oynayır.
Hazırda Azərbaycanda əsas likvidlik 3 ilə qədər olan alətlərdə
cəmləşsə də, zamanla 5–7 illik seqmentlərdə də likvidliyin
artacağını gözləyirik. Azərbaycan Mərkəzi Bankı artıq gəlirlilik
əyrisini təqdim edir və bu əyri tədricən daha “market-based”
(bazarəsaslı) formaya keçir”.
Müsahib eyni zamanda bu yaxınlarda Bakı Fond Birjasının
ABŞ-Azərbaycan Ticarət Palatasına üzv qəbul edilməsindən və bu
üzvlüyün mümkün üstünlüklərindən danışarkən isə bunları qeyd
edib:
“Bu üzvlük Amerika bazarındakı “best practice”lərin (ən yaxşı
təcrübələrin) öyrənilməsi, texnoloji həllərin araşdırılması və
potensial investorlarla əlaqələrin qurulması baxımından mühüm
əhəmiyyət daşıyır. Ümumiyyətlə, bizim sözügedən ticarət palatası
ilə çox yaxşı əməkdaşlığımız var və çox aktiv şəkildə
ünsiyyətdəyik. Amerika bu sahədə kifayət qədər yetkin və
öyrəniləcək bir bazardır. Bizim başlanğıc şəkildə əməkdaşlığımız
ABŞ-də birja və yaxud da ticarət platformaları biznesində olan
şirkətlərlə öz işlərini necə qurmaları, eləcə də texniki
istiqamətdə və ümumiyyətlə bazarın inkişafında müəyyən fikir
mübadilələrinin aparılmasıdır. Eyni zamanda gələcəkdə kommersiya
əlaqələrinin qurulması da mümkün ola bilər. Hazırda Tabadul kimi
real bir qoşulma yoxdur, amma baza əlaqələrin, diskussiayaların
aparılması istiqamətində kifayət qədər işlər görülür”.
R. Xəlilov sonda regional əməkdaşlıq imkanlarına, xüsusən də
Mərkəzi Asiya ölkələri ilə mümkün layihələrə də toxunub:
“Qazaxıstan Fond Birjası (KASE) ilə texniki biliklərin
bölüşdürülməsi və regional “data hub”ın (məlumat mərkəzi)
yaradılması üzrə fikir mübadilələri aparılıb. Məqsəd Mərkəzi Asiya
və Yaxın Şərq regionunda kapital bazarı məlumatlarının vahid
platformada emal edilərək regional və beynəlxalq investorlara
təqdim olunmasıdır. Bu layihə hələ ideya mərhələsindədir, lakin
əməkdaşlıq niyyəti istisna edilmir.
Eyni zamanda Özbəkistan və digər Mərkəzi Asiya ölkələri ilə
təcrübə mübadiləsi aparılır. Bu bazarların inkişaf səviyyəsi
bir-birinə yaxındır və texnoloji yeniliklər baxımından oxşar
mərhələdəyik.
Ümumilikdə məqsədimiz Bakı Fond Birjasını regional və qlobal
miqyasda görünürlüyü yüksək olan bir bazara çevirməkdir. Bu isə
qlobal brokerlərin platformalarına BFB-də listinqdə olan alətlərin
inteqrasiyası və texnoloji həllərlə mümkündür”.
“Strategiyamız kapital bazarlarının dərinləşdirilməsi, səhm və
istiqraz bazarlarının inkişafı, yeni maliyyə alətlərinin
yaradılması və maliyyə savadlılığının artırılmasına yönəlib və biz
bu istiqamətdə səylə çalışırırq ”, – R. Xəlilov fikrini
yekunlaşdırıb.

