
Bakı. Trend:
Hamiləlik dövründə normal çəki artımı 10–16 kiloqram arasında
olmalıdır. Doğuşdan sonra bu artıq çəkinin təxminən 8–10 kiloqramı
təbii şəkildə azalır.
Bunu Trend-ə
müsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri Təranə
Rəcəbli bildirib.
Onun sözlərinə görə, müayinələrdən keçmədən, çəki artımının
səbəblərini dəqiqləşdirmədən pəhriz marafonlarına qoşulmaq
təhlükəlidir:
“Azhərəkətlilik isə həddindən artıq çəki artımına səbəb ola
bilər. Doğuşdan sonrakı ilk altı ay ərzində qadınlar çəki vermək
məqsədilə pəhriz proqramlarına aludə olmamalıdırlar. Altı aydan
sonra isə çəkinin azaldılması məsələsi həkim məsləhəti ilə gündəmə
gətirilə bilər. Nəzərə almaq lazımdır ki, hamiləlik və zahılıq
dövrü qadın orqanizminin ən həssas mərhələlərindən biridir. Bu
dövrlərdə sağlamlığın sosial şəbəkələrdə yayılan marafonlara, eləcə
də heç bir tibbi müayinə aparılmadan qeyri-peşəkar şəxslər
tərəfindən tərtib edilən pəhrizlərə həvalə edilməsi
yolverilməzdir”.
Həkim qeyd edib ki, çəki artımının yeganə səbəbi alimentar, yəni
qidalanma amili deyil:
“Bəzi hallarda tövsiyə edilən arıqlama çayları ciddi sağlamlıq
riskləri yarada bilər. İlk baxışdan təhlükəsiz görünən bu cür
qeyri-peşəkar yanaşmalar sonradan ağır fəsadlara gətirib çıxara
bilər. Bu tip marafonları təşkil edən şəxslər əksər hallarda
qeyri-peşəkar olurlar. Müayinələrdən keçmədən və çəki artımının
səbəbi dəqiqləşdirilmədən pəhriz tətbiq etmək təhlükəlidir. Bu cür
pəhrizlər vasitəsilə qısa müddətdə çəki vermək mümkün olsa da, bir
müddət sonra daha artıq çəki yığılması müşahidə edilir. Çünki bu
yanaşmalar maddələr mübadiləsinin bütün mexanizmlərini pozur”.

