Qırmızı Qəsəbədə holokost qurbanlarının xatirəsi yad edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Yanvarın 27-də Holokost Qurbanlarının Beynəlxalq Anım Günü
münasibətilə Dağ Yəhudiləri Muzeyində soyqırım qurbanların
xatirəsinə həsr olunmuş tematik sərgi təşkil olunub.

Sərgidə XX əsrin ən dəhşətli faciələrindən biri olan Holokostun
tarixi, nasistlər tərəfindən Auşvits (Osventsim) konsentrasiya
düşərgəsində amansızca qətlə yetirilən qurbanların foto şəkilləri
nümayiş olunub.

Tədbirdə ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Emi Karlon
və onu müşayiət edən nümayəndə heyəti, Beynəlxalq STMEGİ Fondunun
prezidenti Qerman Raşbiloviç Zaxaryayev, eləcə də Dağ Yəhudiləri
Muzeyinin kuratoru Vladislav İlyuşayeviç Yusupov iştirak
ediblər.

Sərgi çərçivəsində Muzeyin direktoru İqor Aleksandroviç Şaulov
tərəfindən ali qonaqlara muzeyin fəaliyyəti, dağ yəhudilərinin
tarixi, zəngin mədəni irsi, adət-ənənələri və bu icmanın
Azərbaycanın tarixində oynadığı mühüm rol haqqında ətraflı məlumat
verilib.

Tədbirdə çıxış edən Emi Karlon soyqırımla bağlı tarixi yaddaşın
qorunmasının, antisemitizmə qarşı mübarizənin və keçmiş faciələrin
təkrarlanmamasının vacibliyini qeyd edib.

Anım mərasimi zamanı ravvin tərəfində holokost illərində həlak
olan altı milyon yəhudinin xatirəsinə dualar oxuyub, daha sonra
xatirə şamları yandırılıb.

Muzey ziyarətindən sonra qonaqlar Qırmızı Qəsəbə ilə tanış
olublar. Səfər çərçivəsində qəsəbədə yerləşən sinaqoqlar ziyarət
edilib, Qırmızı Qəsəbənin simvollarından biri olan tarixi tağlı
körpüyə səfər təşkil edilib.

Qeyd edək ki, 1945-ci ildə Auşvits (Osventsim) konsentrasiya
düşərgəsinin azad edilməsi münasibətilə Birləşmiş Millətlər
Təşkilatı tərəfindən hər il yanvarın 27-i Holokost Qurbanlarının
Beynəlxalq Anım Günü kimi qeyd olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir