
Bakı. Trend:
Alman avtomobil istehsalçısı “Volkswagen” ABŞ-də potensial
batareya yanğına səbəb ola biləcək risklər üzündən 44.551
elektrikli avtomobilini geri çağıracaq.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Milli Yol
Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.
Məlumata görə, 2023–2025-ci il modellərinə aid 43.881 nəqliyyat
vasitəsini əhatə edən genişmiqyaslı geri çağırışda yüksək
gərginlikli akkumulyatorun həddindən artıq qızması riski mövcuddur
ki, bu da yanğın ehtimalını artırır.
Agentlik bildirib ki, dilerlər batareya proqram təminatını
yeniləyəcək və lazım gəldikdə batareya paketini pulsuz
dəyişdirəcəklər.
Bundan əlavə, “Volkswagen” bəzi yüksək gərginlikli batareya
elementlərində elektrodların səhv düzülməsi səbəbindən 2023–2024-cü
il modellərindən 670 avtomobilini də geri çağırır. Bu geri çağırış
da batareya yanğına səbəb ola biləcək risklərlə əlaqədardır.

