
Bakı. Trend:
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti məlumat
bankı yaradılacaq.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq
məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Uşaq
hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, dövlət uşaq hüquq və azadlıqlarının
təmin edilməsi, o cümlədən uşaqlara qarşı ayrı-seçkilik və
zorakılıq halları, onların səbəb və nəticələri, bu halları törədən
və məsuliyyətə cəlb edilən şəxslər, uşaq hüquqlarının pozulmasının
qarşısının alınması və müdafiə tədbirlərinin səmərəliliyi ilə bağlı
məlumatların toplanılmasını və təhlilini həyata keçirəcək və bu
barədə ictimaiyyətin məlumatlandırılmasını təmin edəcək.
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti və dövlət
orqanları (qurumları) tərəfindən uşaq problemlərinin əlaqəli
şəkildə çevik həllinin təşkili məqsədilə uşaq hüquqlarının həyata
keçirilməsinə dair məlumat bankı yaradılacaq.
Uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən təşkil və idarə ediləcək.

