
Bakı. Trend:
“Uşaq hüquqları haqqında” qanun layihəsində yeniliklərdən biri
11 anlayışın təsbitidir. “Uşağın üstün mənafeləri”, “erkən
evlilik”, “sosial reabilitasiya”, “zorakılığın formaları”, “cismani
cəza” kimi anlayışlar normativ çərçivəyə salınıb.
Trend xəbər
verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri
komitəsinin sədri Hicran Hüsenova komitənin bugünkü iclasında
deyib.
Komitə sədri bildirib ki, bu, hüquqi tətbiqetmə zamanı
boşluqlarının aradan qaldırılması baxımından çox vacibdir:
“Uşağın üstün mənafeləri ayrıca maddədə konkret təminatlarla
müəyyən edilir. Belə ki, uşağa aid qərar qəbul edilməzdən əvvəl
araşdırmanın aparılması, uşağın fikrinin öyrənilməsi, mümkün mənfi
təsirlərin əvvəlcədən qiymətləndirilməsi məcburi hüquqi öhdəlik
kimi təsbit olunur”.
H.Hüseynova vurğulayıb ki, digər mühüm yenilik uşaqlara qarşı
zorakılıq halları, onların aşkarlanması və zorakılığa məruz qalmış
uşağın reabilitasiyası ilə bağlıdır. Əsas məqsəd prosedurların daha
təkmil olmasından və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin
əlaqələndirilməsindən ibarətdir:
“Mövcud qanundan fərqli olaraq yeni qanun layihəsində “erkən
evlilik” ayrıca anlayış kimi verilir, konkret hüquqi məsuliyyət
yaradır. Çətin həyat şəraitində olan uşaqlarla bağlı aşkarlanma
mexanizmi, təcili tədbirlər, ilkin tibbi-psixoloji yardım və
repatriasiya qaydası təsbit olunur. Və bu da vacib yenilikdir. Uşaq
və ailə münasibətlərinə gəldikdə isə yeni qanun layihəsinə görə,
valideyn hüquqları uşağın mənafeyi ilə məhdudlaşdırılır. Dövlət
yalnız lazım olduqda müdaxilə edir. Zorakılıq tam qadağan
olunur”.
Millət vəkili əlavə edib ki, mövcud qanunda dövlət nəzarəti
ümumi qeyd olunur, lakin təqdim olunan qanun layihəsində praktiki
icra üçün real alətlər müəyyən edilir. Məlumat bankı, göstəricilər,
monitorinq meyarları, Ombudsman üçün müstəqil mexanizm təsbit
edilir.

