
Bakı. Trend:
İran ABŞ ilə müzakirə aparmaq üçün müraciət etməyib.
Trend-in
məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi
bu gün Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə
verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, son günlərdə İran xarici işlər naziri ilə
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında əlaqə
qurulmayıb.
Əraqçi bildirib ki, bəzi ölkələr vasitəçi olaraq müzakirələr
üçün səy və məsləhətləşmə aparmaqdadırlar. Həmin ölkələrlə İran
təmasdadır.
“ABŞ müzakirə istəyirsə, təhdid şəraitində müzakirədən söhbət
etmək olmaz. Müzakirənin özünün situasiyası vardır və bərabər və
qarşılıqlı hörmət prinsipi ilə həyata keçirilə bilər”, – deyə o
qeyd edib.
Qeyd edək ki, 2025-ci il 12, 19, 26 aprel, 11 may və 23 may
tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar
dolayı müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr Oman
Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin
vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid
Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq
məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə
təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı
Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baş
tutub.
Xatırladaq ki, 2025-ci il 13 iyun səhər saatlarında İsrail İrana
hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda
yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək
səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə
İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə
yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da
mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları
edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv
edildiyi qeyd olunub.

