
Bakı. Trend:
28 yanvar 2026-cı il tarixində Azərbaycan Dövlət Neft Şirkətinin
(SOCAR) prezidenti Rövşən Nəcəf “CITIC Construction Co.,Ltd.”nin
İdarə Heyətinin sədri Yanq Ciançiyanq ilə görüşüb.
Trend bu
barədə SOCAR-a istinadən xəbər verir.
Görüşdə SOCAR ilə Çin Xalq Respublikasının müxtəlif şirkətləri
arasında uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edilib. Bu xüsusda,
SOCAR ilə “CITIC Construction Co.,Ltd.” şirkəti arasında enerji
infrastrukturu, eləcə də neft-kimya layihələrinin həyata
keçirilməsi, birgə müəssisələrin yaradılması imkanları nəzərdən
keçirilib.
Söhbət zamanı SOCAR-ın Azərbaycanda və onun hüdudlarından kənarda
həyata keçirdiyi layihələr, şirkətin korporativ strateji hədəfləri
barədə məlumat verilib.
Görüşdə potensial əməkdaşlıq imkanlarının araşdırılması
məqsədilə şirkətlər arasında Çərçivə Sazişi imzalanıb.

