
Bakı. Trend:
Süni intellekt startapı “Anthropic”in rəhbəri Dario Amodei
bildirib ki, bəşəriyyət “bir növ olaraq kimliyimizin sınandığı”
yeni və riskli süni intellekt inkişaf mərhələsinə qədəm qoyur.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, dünya bu risklərə qarşı daha ayıq
olmalıdır.
Məşhur “Claude” çatbotunun yaradıcısı və şirkətin həmtəsisçisi
olan Amodei narahatlıqlarını 19 min sözdən ibarət “Texnologiyanın
yeniyetməliyi” adlı essesində ifadə edib. O, yüksək güclü süni
intellekt sistemlərinin ortaya çıxmasını potensial olaraq qaçılmaz
proses kimi dəyərləndirib:
“İnanıram ki, biz həm mürəkkəb, həm də qaçılmaz bir keçid
mərhələsinə daxil oluruq. Bu mərhələ bir növ olaraq kim olduğumuzu
ciddi şəkildə sınağa çəkəcək”, – deyə Amodei yazıb.
O vurğulayıb ki, 2023-cü ildə süni intellektin yaratdığı
ekzistensial risklər siyasi gündəmi zəbt etsə də, 2026-cı ildə
dünya artıq “real təhlükəyə xeyli yaxın” olacaq.
Amodei həmçinin, İlon Maska məxsus Grok süni intellekt sistemi
ətrafında yaranan qalmaqallara, o cümlədən cinsiləşdirilmiş
deepfeyklər və uşaqlara qarşı cinsi istismar materiallarının
yaradılması ilə bağlı xəbərdarlıqlara diqqət çəkib.
“Anthropic” rəhbəri “güclü süni intellekt” anlayışını biologiya,
riyaziyyat, mühəndislik və yazı kimi sahələrdə Nobel mükafatı
laureatından daha üstün intellektual imkanlara malik model kimi
təsvir edib. Onun sözlərinə görə, bu cür sistemlər insanlara
istiqamət verə, onlardan öyrənə, kompüter mühitində fəaliyyət
göstərməklə yanaşı, robotları idarə edə və hətta öz ehtiyacları
üçün yeni robotlar dizayn edə bilər.
Qeyd edək ki, Dario Amodei 2021-ci ildə ChatGPT-ni inkişaf
etdirən OpenAI-ın bir qrup keçmiş əməkdaşı ilə birlikdə Anthropic
şirkətini təsis edib. Süni intellekt təhlükəsizliyi sahəsində
tanınmış simalardan olan Amodei nəzarətsiz AI inkişafının yaratdığı
risklər barədə mütəmadi xəbərdarlıqları ilə tanınır.

