
Bakı. Trend:
Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız
gediş-gəliş rejiminin yaradılması ilə bağlı prosesin başlanmasını
təklif edib.
Trend xəbər verir ki, bunu
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev
“Sarajevo Times” nəşrinə verdiyi müsahibədə bildirib.
Səfir qeyd edib ki, Azərbaycan əməkdaşlığa, qarşılıqlı hörmətə
və sülh şəraitində inkişafa önəm verir, Bosniya və Herseqovinanı
isə dost və strateji əhəmiyyətə malik tərəfdaş kimi dəyərləndirir.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin hər iki
xalqın və gələcək nəsillərin rifahı naminə daha da möhkəmlənəcəyinə
əminlik var. Bu baxımdan Azərbaycan turizm və biznes sahələrinin
inkişafını təşviq etməyi qarşısına məqsəd qoyub və bunun xalqlar
arasında yaxınlaşmanı gücləndirəcəyinə, vətəndaşlar üçün müsbət
nəticələr yaradacağına inanır. Bosniya və Herseqovina vətəndaşları
üçün vizasız rejimin tətbiqinə dair təşəbbüs səyahət, turizm və
sosial əlaqələri xeyli asanlaşdıracaq.

