
Bakı. Trend:
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes və investisiya
mühitinin əlverişliliyinin daha da artırılması, sahibkarların
maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi,
dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindəndir.
Bu barədə Trend-ə fonddan məlumat verilib.
Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il
29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə ilk dəfə olaraq
sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə
zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə
subsidiyaların verilməsinə başlanılıb. Fərmana əsasən,
kredit-zəmanət mexanizminin formalaşdırılması və inkişaf
etdirilməsi Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət
Fondunun qarşısında prioritet vəzifə kimi müəyyən edilib.
2026-cı il yanvarın 1-nə olan məlumata görə, Fondun təqdim
etdiyi zəmanət hesabına müvəkkil banklar tərəfindən sahibkarlara
684 milyon manat məbləğində kreditə zəmanətin verilməsi təmin
olunmuşdur. 2025-ci ildə müvəkkil banklar tərəfindən 147 milyon
manat həcmində kreditə zəmanət verilmişdir.
Mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin
orta müddəti 30 ay, Fond tərəfindən sahibkarlıq kreditləri üzrə
hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına
sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi
6,8 %, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5
milyon manatadək təşkil edib.
Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd
təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və
infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və
avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib.
Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayrılan
kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6000-dən çox yeni
iş yerinin yaradılması nəzərdə tutulub.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 24 avqust
2022-ci il tarixli 1832 saylı Fərmanına əsasən, qeyri-neft
sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə
də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının
artırılması məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidi
artırılıb və iki yeni alətin – sahibkarların manatla aldıqları
kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin
istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat
mexanizmlərinin tətbiqinə başlanılıb. Belə ki, 2025-ci ildə
istiqraz emissiyası üzrə öhdəliklərin təmin edilməsi mexanizmi
çərçivəsində 10 milyon manatlıq istiqraz buraxılışına 6 milyon
manat məbləğində zəmanət təqdim edilmişdir. Sahibkarların manatla
əldə etdikləri kreditlər üzrə portfel zəmanət mexanizmi
çərçivəsində 360 sahibkarın 5,33 milyon manat məbləğində kreditinə
4 milyon manat həcmində zəmanət verilib.

