Sahibə Qafarova Oman Sultanlığı Şura Məclisinin sədri ilə görüşdü

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi
səfəri çərçivəsində yanvarın 29-da bu ölkənin Şura Məclisinin sədri
Şeyx Xalid bin Hilal Al Mavali ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Şura Məclisinin sədri Milli Məclisin sədrini
salamlayaraq, dəvəti qəbul edib Oman Sultanlığına səfər etdiyinə
görə spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib. Oman və
Azərbaycan arasında siyasi və digər əlaqələrin yaxşı səviyyədə
olmasından məmnunluğunu ifadə edən Şura Məclisinin sədri qarşılıqlı
münasibətlərin inkişafında parlamentlərin xüsusi rolunu qeyd edib.
Diqqətə çatdırılıb ki, Milli Məclis sədrinin bu səfəri qarşılıqlı
əlaqələrin daha da genişləndirilməsinə öz töhfəsini verəcək.

Şura Məclisinin sədri bildirib ki, xalqlarımızın yaxınlığı da
ölkələrarası münasibətlərimizi daha da inkişaf etdirməyə əsas
verir.

Oman Sultanlığına rəsmi səfərə dəvətə və qonaqpərvərliyə görə
təşəkkürünü bildirən Milli Məclisin sədri Sahibə Qafarova 2023-cü
ilin yanvarında Əlcəzairdə İslam Əməkdaşlıq Təşkilatına üzv
dövlətlərin Parlament İttifaqının 17-ci konfransı çərçivəsində
həmsöhbəti ilə ilk dəfə görüşünü və o vaxtdan etibarən həmişə
beynəlxalq təşkilatlar çərçivəsində görüşüb müzakirələr
apardıqlarını məmnunluqla xatırlayıb.

Həmsöhbətinin 2024-cü ilin fevralında və 2025-ci ilin fevralında
APA-nın 14-cü və 15-ci plenar sessiyalarında iştirak etmək üçün
Azərbaycana iki səfərinin ardınca bu gün Omanda rəsmi səfərdə
olmasından məmnunluqla danışan Milli Məclisin sədri bu səfərin
əhəmiyyətini qeyd edib.

Diqqətə çatdırılıb ki, bütün sahələr üzrə münasibətləri inkişaf
etdirmək üçün böyük potensial mövcuddur. Vurğulanıb ki,
Azərbaycanın Omanda səfirlik açması ikitərəfli münasibətlərimizi
yeni səviyyəyə qaldırıb. Söhbət zamanı Azərbaycan və Omanın
beynəlxalq təşkilatlar çərçivəsində hər zaman biri-birini
dəstəkləməsindən məmnunluq ifadə olunub.

Söhbətdə bildirilib ki, iqtisadiyyat, ticarət, investisiya,
nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün
yaxşı potensial var.

Görüşdə təhsil və mədəniyyət sahələrində münasibətlərin
əhəmiyyəti xüsusi vurğulanıb. Milli Məclisin sədri bildirib ki, bu
mənada, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu
ilin yanvar ayının əvvəlində Omana səfəri və bu səfər çərçivəsində
aparılan müzakirələr mədəniyyət sahəsində əməkdaşlığımızı
intensivləşdirəcək.

Vurğulanıb ki, parlamentlərin qarşılıqlı əlaqəsi ölkələrimiz
arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm töhfə verir.
Bu sahədə parlamentlərarası dostluq qruplarının fəaliyyəti çox
vacibdir. Qeyd edilib ki, Asiya Parlament Assambleyası və Qoşulmama
Hərəkatının Parlament Şəbəkəsi bu sahədə mühüm platformalardır.

Söhbət zamanı Oman Sultanlığı Şura Məclisinin sədri Şeyx Xalid
bin Hilal Al Mavali Azərbaycanın müdrik rəhbərinin başçılığı ilə
iqtisadi inkişafının şahidi olduqlarını diqqətə çatdırıb.

Görüşdə digər mövzularda da fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir