“Hyundai”da hava yastığı problemi: 568 min avtomobil geri çağırıldı

Baş səhifə

Bakı. Trend:

“Hyundai Motor” şirkəti ABŞ-də təhlükəsizlik riski səbəbindən
təxminən 569 min “Palisade SUV” modelini geri çağırır.

Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.

Şirkətin açıqlamasına görə, yan pərdə hava yastıqlarının düzgün
açılmaması problemi mövcuddur. Geri çağırma 568.576 ədəd “Palisade”
modelini əhatə edir.

ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası
(NHTSA) bildirib ki, bu avtomobillərdə üçüncü sıra sərnişinləri
üçün nəzərdə tutulan yan pərdə hava yastıqları qəza zamanı tam
açılmaya bilər.




Qurum əlavə edib ki, problemin həlli üçün texniki həll hazırda
hazırlanma mərhələsindədir. Bundan başqa, NHTSA qeyd edib ki,
Hyundai cihazlar panelinin ekranında yaranan nasazlıq səbəbindən
ABŞ-də əlavə 41.651 avtomobili də geri çağıracaq. Bu problem
proqram təminatı yeniləməsi vasitəsilə aradan qaldırılacaq.

Qeyd edək ki, “Hyundai Motor” şirkəti daha əvvəl, yanvarın 29-da
ABŞ tariflərinin 2026-cı ildə də maliyyə vəziyyətinə mənfi təsir
göstərəcəyini açıqlamışdı. Şirkət bildirmişdi ki, bu tariflər
nəticəsində dördüncü rübdə əməliyyat mənfəəti gözləniləndən
təxminən 40 faiz azalıb.

Tariflərlə yanaşı, 2025-ci ilin sonlarında elektrikli
avtomobillərə subsidiyaların dayandırılması və ABŞ-da elektrikli
nəqliyyat vasitələrinin ehtiyatını azaltmaq məqsədilə tətbiq edilən
satış stimulları da şirkətin gəlirlərinin azalmasına səbəb
olub.

Yanvarın 27-də ABŞ prezidenti Donald Tramp Cənubi Koreyadan
idxal edilən avtomobillərə və digər mallara rüsumların
artırılacağını bəyan edib. Buna səbəb kimi isə ticarət sazişinin
imzalanmasında yaranan gecikmələr göstərilib

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir