Azərbaycan 61-ci Venesiya Biennalesində milli pavilyonla təmsil olunacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət
Nazirliyinin və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə
61-ci Venesiya Biennalesində Əməkdar rəssam Faiq Əhmədin “Diqqət”
(The Attention) layihəsi ilə təmsil olunacaq.

Trend xəbər verir ki, Azərbaycan milli pavilyonundakı
ekspozisiya mayın 9-dan noyabrın 22-dək açıq olacaq.

“Diqqət” (The Attention) müasir incəsənətin əhəmiyyətli
beynəlxalq platformalarından birinə Azərbaycanın töhfəsidir.

Pavilyonun mərkəzində Faiq Əhmədin bədii təcrübəsində əsas və
təkrarlanan element olan xalça təqdim ediləcək. Mədəni yaddaş və
kollektiv kimliklə əlaqələndirilən xalça ziyarətçiləri sərgi
boyunca istiqamətləndirən elementə çevrilir.




Konseptual olaraq görkəmli Azərbaycan şairi və mütəfəkkiri,
hürufi ənənəsinin nümayəndəsi İmadəddin Nəsiminin fəlsəfi və poetik
irsindən ilhamlanan layihə bir-biri ilə əlaqəli məkanlar
ardıcıllığı vasitəsilə açılan immersiv, multimodal bədii mühit kimi
düşünülüb.

Layihə müasir dünyanı xarakterizə edən qeyri-müəyyənlik, təşviş
və informasiya yüklənməsinə cavab olaraq daxili şüur və yenidən
əlaqə qurmaq mövzularını araşdırır – burada incəsənət xaosun
içindən yarana bilər.

“Diqqət” layihəsi ənənəvi yanaşmalarla yanaşı, kvant əsaslı
sistemlər, habelə neyro reaktiv və data əsaslı proseslər daxil
olmaqla qabaqcıl texnologiyaları inteqrasiya edib. Burada hürufi
düşüncəsi ilə reallığın müasir kvant anlayışları arasında birbaşa
paralel təqdim olunur. Hürufizm dünyanı hərflərdən və işarələrdən
ibarət mənalı bir kod kimi çərçivələndirdiyi halda, kvant fizikası
reallığı ehtimallı, informativ və əlaqəli təsvir edir. Hər iki
sistemdə reallıq sabit bir varlıq deyil, interpretasiya, qarşılıqlı
təsir və diqqət vasitəsilə formalaşır. “Diqqət” layihəsi bu
paraleli aydın şəkildə nümayiş etdirərək, kvant informasiyasını
hürufi kainat anlayışının müasir qarşılığı kimi çatdırır.

Azərbaycanın 61-ci Venesiya Biennalesindəki milli pavilyonunun
kuratoru Qvendolin Kollaço (Gwendolyn Collaço) olacaq. Onun
tədqiqat və kuratorluq təcrübəsi İslam incəsənəti, maddi mədəniyyət
və mədəniyyətlərarası mübadiləyə fokuslanır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir