
Bakı. Trend:
Dünya Bankı Azərbaycanda “Azerigas Gas Leak Detection and Repair
Facility” adlı qaz sızmalarının aşkarlanması üzrə layihəyə dəstək
olmaq imkanını nəzərdən keçirir.
Trend bu barədə
Banka istinadən xəbər verir.
Layihənin məqsədi “Azəriqaz” tərəfindən idarə olunan
qazpaylayıcı şəbəkədə sızmalar nəticəsində yaranan metan
emissiyalarını azaltmaq, həmçinin şirkətin aktivlərin idarə
olunması sahəsində potensialını gücləndirməkdir.
Layihənin maliyyələşdirmə həcmi 15 milyon ABŞ dolları təşkil
edir. Layihənin təsdiqi 23 aprel 2026-cı il tarixinə nəzərdə
tutulub.
Layihə çərçivəsində “Azəriqaz”ın qazpaylayıcı sistemində qaz
sızmalarının aşkar edilməsi və aradan qaldırılması üçün vəsait alan
tərəf tərəfindən icra olunacaq maliyyə mexanizminin yaradılması
nəzərdə tutulur. Bu mexanizm “Global Flaring and Methane Reduction
Partnership” (GFMR) Trest Fondundan ayrılacaq ilkin qrant hesabına
işə salınacaq. Qrantın alıcısı və qrant hesablarının sahibi SOCAR
olacaq, “Azəriqaz” isə yeganə benefisiar və layihənin gündəlik
icrasına və idarə olunmasına cavabdeh icraçı qurum qismində çıxış
edəcək. Metan emissiyalarının mərhələli şəkildə ixtisarı məqsədilə
qaz sızmalarının aşkarlanması və təmiri üzrə razılaşdırılmış
tədbirlər üçün vəsaitlər SOCAR-dan “Azəriqaz”a yönləndiriləcək.
Layihə Bakıda qaz sızmaları üzrə baza səviyyəsinin
formalaşdırılmasına dair “Azəriqaz”ın pilot proqramının təcrübəsinə
əsaslanacaq. Təmir işləri əvvəlcədən razılaşdırılmış uyğunluq
meyarlarına uyğun olaraq “Azəriqaz” tərəfindən təklif ediləcək və
icra olunacaq. Tədbirlərin prioritetləşdirilməsi xərc, mürəkkəblik,
təsir dərəcəsi və digər müvafiq amillər nəzərə alınmaqla həyata
keçiriləcək ki, hər xərclənən ABŞ dollarına maksimum emissiya
azaldılması təmin olunsun.
Bununla yanaşı, ilkin mərhələdə və sonrakı dövrlərdə GFMR
vəsaitləri OGMP 2.0 standartına uyğun olaraq emissiyaların
monitorinqi, hesabatlılıq və verifikasiya sahəsində “Azəriqaz”ın
potensialının inkişafına yönəldiləcək.

