
Bakı. Trend:
Azərbaycan qanunvericiliyində işçilərin neçə dəfə və hansı
müddətlərdə ödənişsiz məzuniyyətə çıxa biləcəyi müəyyənləşib.
Trend-in
xəbərinə görə, Azərbaycanda işçilərin məzuniyyət hüququ həmçinin
ödənişsiz məzuniyyətlə təmin edilir.
Belə ki, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə,
məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək,
təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına,
fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda
işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ var.
Ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulmuş
hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə
verilir.
İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin
kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək
müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti
6 aydan çox olmayaraq tərəflərin mülahizəsinə
əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
İşçilərin xahişi ilə verilən ödənişsiz
məzuniyyətlərin müddətləri
İşçilərin xahişi ilə 1 iş ilində aşağıdakı
hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir:
- həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə
tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa
bilavasitə qulluq edən digər üzvünə — uşaq 4
yaşına çatanadək; - arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə —
14 təqvim gününədək; - 16 yaşınadək uşağı olan qadınlara və ya tək
valideynlərə, qəyyumlara, himayədarlara — 14
təqvim gününədək; - orqanizmin funksiyalarının pozulması faizindən və səbəbindən
asılı olmayaraq əlilliyi olan, o cümlədən sağlamlıq imkanları
məhdud olan 18 yaşınadək işçilərə —
bir təqvim ayınadək; - müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə —
14 təqvim gününədək; - Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı
xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə —
14 təqvim gününədək; - insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən,
həmçinin əlilliyi olan uşağı olan işçilərə — 14
təqvim gününədək; - doktoranturada (adyunkturada), təhsil alan işçilərə —
1 təqvim ayınadək; - ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan
işçilərə — 14 təqvim günü, orta ixtisas təhsil
müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə —
7 təqvim günü; - ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi iş
yerindən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə —
14 təqvim gününədək; - ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — tibb
müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; - əlilliyi olan uşaqları olan işçilərə – 14
təqvim gününədək; - ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün
işçilərə – 7 təqvim gününədək; - əsas iş yerində ezamiyyətə gedən işçiyə – əlavə iş yerində əsas
iş yeri üzrə ezamiyyə müddətində; - əlavə iş yerində ezamiyyətə gedən işçiyə – əsas iş yerində
əlavə iş yeri üzrə ezamiyyə müddətində.
Bundan əlavə, Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış
namizədə müvafiq seçki komissiyasında qeydə alındığı gündən
seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində
göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir.
Məzuniyyət vaxtı üçün orta əmək haqqının
hesablanması qaydası və ödənilməsi
Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili
üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan
əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən
müəyyən edilir.
Məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismən
ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan
ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan
boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar
yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur.
İşin dayandırılması ilə əlaqədar işçilərin qrup
halında məzuniyyətə buraxılmasının tənzimlənməsi
Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda
əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin
normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları
və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda
işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin
dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli,
yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər.
Bu halda ödənişsiz məzuniyyətin müddəti işçinin Əmək
Məcəlləsində nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas
məzuniyyətinin 2 illik müddətinin cəmindən çox
olmamalıdır.
İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin
dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz
məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri
üzündən boşdayanma hesab edilir və işçilərə Əmək Məcəlləsində
nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.
Məlumat üçün bildirək ki, boşdayanmanın başlanması haqqında işçi
işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər
vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə işçinin təqsiri olmadan
boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə)
maaşının 2/3 hissəsindən az olmayaraq ödənilir.
İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir.

