
Bakı. Trend:
Bu ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma
Forumunun On Üçüncü Sessiyası (WUF13) üzrə səmərəli
kommunikasiyanın təmin edilməsi məqsədilə yanvarın 30-da media
nümayəndələrinin məlumatlandırma sessiyası təşkil olunub.
Trend xəbər
verir ki, sessiya çərçivəsində media qurumlarının nümayəndələrinə
WUF13 haqqında ətraflı məlumat təqdim edilməklə yanaşı, Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət
təşkilatları ilə iş və kommunikasiya şöbəsinin, Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin, Medianın İnkişafı Agentliyinin,
Audiovizual Şuranın, Mətbuat Şurasının, WUF13 Azərbaycan Əməliyyat
Şirkətinin və Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma
Proqramının (UN-Habitat) əməkdaşları ilə fikir mübadiləsi və
şəbəkələşmə üçün imkan yaradılıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının QHT-lərlə
iş və kommunikasiya şöbəsinin əməkdaşı, WUF13 Kommunikasiya
qrupunun koordinatoru Cəmalə Əliyeva çıxış edərək, Azərbaycanın bir
çox mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi
etdiyini vurğulayıb, bu cür tədbirlərdə medianın fəal iştirakının
əhəmiyyətini qeyd edib, WUF13 Kommunikasiya qrupunun əsas fəaliyyət
istiqamətləri haqqında iştirakçılara məlumat verib.
Azərbaycanda səfərdə olan BMT-nin Məskunlaşma Proqramının
kommunikasiya direktoru Katerina Bezqaçina media nümayəndələrinə
Ümumdünya Şəhərsalma Forumunun tarixi, məqsədi və əhəmiyyəti barədə
məlumat verib. O bildirib ki, “Hər kəs üçün yaşayış yerləri:
təhlükəsiz və dayanıqlı şəhərlər və məskənlər” mövzusu şəhərlərin
üzləşdiyi əsas çağırışları əhatə edir. Tədbir həm “Yeni Şəhər
Gündəliyi”nin onilliyini qeyd etmək, həm də növbəti on il ərzində
mənzil təminatına diqqət yönəltmək üçün əhəmiyyətli bir fürsət
olacaq.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin substantiv məzmun üzrə
meneceri Cəmilə İsmayılzadə Ümumdünya Şəhərsalma Forumunun On
Üçüncü Sessiyasının Azərbaycanda keçirilməsinin dayanıqlı
şəhərsalma inkişafındakı əhəmiyyətindən, bu istiqamətdə nəzərdə
tutulan fəaliyyətlərdən bəhs edib.
Sessiya zamanı WUF13 Azərbaycan Əməliyyat Şirkətinin media
əlaqələri üzrə meneceri Eldar Rəsulov tədbir çərçivəsində
keçiriləcək 40 əsas sessiyanın və 350 tərəfdaş tədbirinin səmərəli
işıqlandırılmasını təmin etmək məqsədilə media mərkəzinin fəaliyyət
göstərəcəyini deyib, media nümayəndələrini akkreditasiyadan keçməyə
dəvət edərək, WUF13 zamanı media üçün yaradılacaq imkanlar barədə
danışıb.
Qeyd edək ki, mayın 17-22-də keçiriləcək WUF1-də media
nümayəndələrinin qeydiyyat prosesi davam edir. Bütün media
nümayəndələri akkreditasiya üçün UN-Habitat təşkilatının rəsmi
qeydiyyat sistemi olan https://events.unhabitat.org/ veb-saytı
üzərindən müraciət etməlidirlər.

