
Bakı. Trend:
Böyük summativ qiymətləndirmə (BSQ) ilə bağlı şikayəti olan
vətəndaşlar aidiyyəti yerli təhsili idarəetmə bölməsinə müraciət
edə bilərlər.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi
Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilir ki, summativ qiymətləndirmə hər bir fənn üzrə təhsil
proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının
mənimsənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi nailiyyətlərin
müəyyən olunması məqsədilə aparılır:
“Summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirmə
vasitələri (suallar) müvafiq fənn üzrə kurikulumun (təhsil
proqramnın) tələbləri və dərslikdə əhatə olunan mövzular nəzərə
alınmaqla hazırlanır. Suallar bir neçə mürəkkəblik səviyyəsində
tərtib edilir.
Böyük summativ qiymətləndirmə (BSQ) məktəbdaxili
qiymətləndirmənin tərkib hissəsidir və onun keçirilməsi Azərbaycan
Respublikası Təhsil Nazirliyinin kollegiyasının 28 dekabr 2018-ci
il tarixli 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil
pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili
qiymətləndirmənin) aparılması Qaydası ilə tənzimlənir. Agentlik
böyük summativlərin Qaydaya uyğun vaxtda, formada və düzgün
seçilmiş qiymətləndirmə vasitələri (test sualları, tapşırıqlar)
əsasında aparılmasına nəzarət edir”.
Qeyd edək ki, sosial mediada məktəb müəllimləri ölkə üzrə təşkil
edilmiş Böyük Summativ Qiymətləndirilmənin (BSQ) sualları ilə bağlı
narazılıq və şikayətlər yayıblar.
Müəllimlər 4 və 6-cı siniflər üçün Azərbaycan dili fənninə aid
məktəblərə göndərilmiş BSQ suallarında səviyyələrin nəzərə
alınmadığını, keçilməsi proqram üzrə ikinci yarımildə nəzərdə
tutulan mövzudan sual salındığını (O,bu əvəzliklərindən sonra
vergülün qoyulması) qeyd ediblər.
Onlar həmçinin Azərbaycan dili üzrə suallarda riyaziyyat
sualının olduğunu və göndərilən cavablarda səhvlər olduğunu
bildiriblər.

