
Bakı. Trend:
Yanvar ayının ekstremal hava şəraiti ciddi iqtisadi və ekoloji
zərərlərə, həmçinin böyük insan itkilərinə səbəb olub.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Meteorologiya
Təşkilatının (ÜMT) bəyanatında bildirilib.
Məlumata görə, Çilidə meşə yanğınları on minlərlə insanın
təxliyəsinə, yüzlərlə binanın məhv olmasına və ən azı 21 nəfərin
həyatını itirməsinə səbəb olub.
Argentinanın cənubunda yüksək temperatur, uzunmüddətli quraqlıq
və güclü küləklər dağıdıcı yanğınlara gətirib çıxarıb,
Avstraliyanın böyük hissəsini isə təhlükəli hava şəraiti ilə
müşayiət olunan iki istilik dalğası əhatə edib.
ÜMT-nin məlumatına görə, Kanadada və ABŞ-də güclü qar yağması,
soyuq və şaxtalı hava həyat üçün təhlükə yaradıb.
Bildirilir ki, yüz minlərlə ev təsərrüfatı kütləvi uçuşların
ləğvi və elektrik kəsintilərindən təsirlənmiş, bir neçə ölüm
hadisəsi qeydə alınıb. Bundan əlavə, Avropanın böyük hissəsi güclü
yağış və küləklərlə müşayiət olunan bir sıra fırtınalarla
üzləşib.
Bu fırtınalar İrlandiya və Böyük Britaniyadan Portuqaliya,
İspaniya və bütün Aralıq dənizi regionuna qədər bir çox ölkədə
nəqliyyatın pozulmasına və daşqınlara səbəb olub.

