
Bakı. Trend:
Hücumameylli yarımmüdafiəçi Fermin Lopez “Barselona” ilə
müqaviləsini 2031-ci ilin yayına qədər uzadıb.
Trend xəbər verir
ki, bu barədə klubun mətbuat xidməti X sosial media
platformasındakı rəsmi səhifəsində məlumat yayıb.
Daha əvvəl mediada 22 yaşlı yarımmüdafiəçinin yeni müqaviləyə
əsasən maaşının ikiqat artırılacağı bildirilirdi. Eyni zamanda
futbolçunun sərbəst qalma məbləğinin də iki dəfə yüksəldiləcəyi
vurğulanırdı.
Fermin Lopez “Barselona”nın gənclər sisteminin yetirməsidir. O,
13 yaşında “Betis” akademiyasından Kataloniya klubuna qoşulub.
Lopez əsas komandada bütün turnirlərdə 114 oyunda iştirak edib, 29
qol vurub və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalının məlumatına görə, futbolçunun hazırkı
bazar dəyəri 70 milyon avro təşkil edir.

