
Bakı. Trend:
Niderlandın ING bank qrupu Azərbaycanda 2028-ci ilə qədər
ümumdaxili məhsul (ÜDM) artımı ilə bağlı yenilənmiş proqnozlarını
dərc edib.
Trend xəbər verir
ki, bu barədə Niderlandın ING bank qrupunun hesabatında
deyilir.
Analitiklərin qiymətləndirmələrinə görə, 2026-cı ildə illik ÜDM
artımı 2,5 faiz təşkil edəcək, 2027-ci ildə isə artımın 3 faizə
qədər sürətlənəcəyi gözlənilir.
2026-cı il rüblər üzrə proqnozlar belədir: birinci rübdə ÜDM
artımı 3 faiz, ikinci rübdə 2 faiz, üçüncü rübdə 4 faiz, dördüncü
rübdə isə 1 faiz səviyyəsində olacaq.
2027-ci ildə dinamika aşağıdakı kimi proqnozlaşdırılır: birinci
rübdə artım 4 faiz, ikinci rübdə 1,5 faiz, üçüncü rübdə 2,5 faiz,
dördüncü rübdə isə 4 faiz təşkil edəcək.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən,
2025-ci ildə Azərbaycanda 129,1 milyard manat məbləğində ümumi
daxili məhsul istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 1,4
faiz çoxdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalıb,
qeyri-neft-qaz sektorunda isə 2,7 faiz artıb.
ÜDM istehsalının strukturunda sənayenin payı 33 faiz, ticarət və
nəqliyyat vasitələrinin təmiri sahəsinin payı 11,3 faiz, nəqliyyat
və anbar təsərrüfatının payı 7,1 faiz, tikintinin payı 6,5 faiz,
kənd, meşə təsərrüfatı və balıqçılığın payı 5,9 faiz, turistlərin
yerləşdirilməsi və ictimai iaşənin payı 2,8 faiz, informasiya və
rabitə sahəsinin payı 2,1 faiz, digər sahələrin payı isə 21,7 faiz
təşkil edib. Məhsullara və idxala xalis vergilər ÜDM-in 9,6 faizini
təşkil edib.

