
Bakı. Trend:
31 yanvardan etibarən (Bakı vaxtı ilə 09:00-dan) ABŞ-də
maliyyələşmənin olmaması səbəbindən federal hökumət fəaliyyətini
qismən dayandırıb. Birləşmiş Ştatlarda Konqresdə Demokratlarla
Respublikaçılar federal büdcə ətrafında razılığa gələ bilməyəndə –
şatdaun adlandırılan bu hadisə ara-sıra baş verir.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, yanvarın 30-da Senat (ABŞ Konqresinin yuxarı
palatası) maliyyə ilinin sonunadək – ölkədə sentyabrın 30-da başa
çatan dövr üçün – əksər federal qurumların, o cümlədən Pentaqonun,
Dövlət Departamentinin, Maliyyə, Əmək, Səhiyyə nazirliklərinin və
bir sıra digər qurumların fəaliyyətinin maliyyələşdirilməsini
nəzərdə tutan qanun layihələri paketini təsdiqləyib.
Lakin sənədlər paketindən Demokratlar Partiyasının
nümayəndələrinin tələbi ilə Daxili Təhlükəsizlik Nazirliyinin (DTN)
maliyyələşdirilməsinin çıxarılması ilə əlaqədar olaraq, Senat
tərəfindən qəbul edilən qanun layihələri ABŞ Konqresinin
Nümayəndələr Palatası tərəfindən də təsdiqlənməlidir. Bundan sonra
sənədlər ölkə prezidenti Donald Trampa imza üçün təqdim
olunacaq.
Konqresin aşağı palatası isə fevralın 2-də işə qayıdacaq.
Beləliklə, əgər həmin gün maliyyələşdirmə ilə bağlı qanun
layihələri qəbul olunsa və Tramp onları eyni gün imzalasa,
şatdaunun aradan qaldırılması artıq fevralın 2-də mümkün olacaq.
Bunun üçün daha çox vaxt tələb olunması ehtimalı da istisna
edilmir.
Demokratlar Partiyasının nümayəndələri ABŞ vətəndaşının
Minneapolisdə (Minnesota ştatı) sərhəd xidməti əməkdaşının açdığı
atəş nəticəsində həlak olmasından sonra Daxili Təhlükəsizlik
Nazirliyinin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsinə yenidən
baxılmasını tələb ediblər. DTN-in maliyyələşdirilməsi mövcud həcmdə
iki həftə müddətinə uzadılacaq, eyni zamanda Miqrasiya və Gömrük
Xidməti (ICE) üzrə islahatlarla bağlı danışıqlar aparılır.
Xatırladaq ki, 2025-ci il noyabrın 12-də Donald Tramp federal
hökumətin fəaliyyətinin yanvarın 30-dək maliyyələşdirilməsinin
davam etdirilməsini nəzərdə tutan qanunu imzalayıb. Beləliklə, ABŞ
tarixində ən uzunmüddətli şatdaun 43-cü günündə başa çatdırılıb.
Hökumətin fəaliyyəti oktyabrın 1-də maliyyələşmənin olmaması
səbəbindən dayandırılmışdı. Buna səbəb hakim Respublikaçı Partiya
ilə müxalif Demokratlar Partiyasının Konqresdə, o cümlədən səhiyyə
sahəsinə dair bəzi xərc maddələri üzrə razılığa gələ bilməməsi
olub. Tərəflər bir-birini şatdaunun yaranmasına və siyasi
məqsədlərlə uzadılmasına görə ittiham edirdilər.

