
Bakı. Trend:
Bu hadisə Azərbaycanın səhiyyə tarixinə böyük hərflərlə həkk
olunacaq. Bu, təkcə cərrahi əməliyyat deyil. Bunun üçün bir neçə
aspektlər işlənib hazırlanmalıdır. Belə ki, hüququ, mənəvi,
psixoloji emosional tərəfləri həyata keçirmədən uğurlu ürək
transplantasiyası etmək mümkün deyil. Səhiyyə komitəsi olaraq 2020-
ci ildə ən müasir tələblərə cavab verən yeni qanun layihəsi
hazırlandı və qəbul olundu.
Trend xəbər
verir ki, bu fikirləri bu gün Qafqazda ilk ürək transplantasiyası:
Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər
elmi-praktiki dəyirmi masada çıxışı zamanı Milli Məclisin Səhiyyə
komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O bildirib ki, bəzən qanun qəbul edilir, amma həmişə
işlənilmir:
“Bu sahədə Səhiyyə Nazirliyinin ciddi fəaliyyəti ilə
transplantasiya əməliyyatı həyata keçirilməsi üçün mexanizm işlənib
hazırlandı. Burada Koordinasiya Mərkəzinin yaradılmasını xüsusi
vurğulamaq lazımdır. Deputatlarımızın bir hissəsi donor olmaq üçün
sənədə imza atıblar. Bu əməliyyatdan sonra donor olmaq istəyənlərin
sayı əhəmiyyətli dərəcədə artıb”.

