Gənclərə diqqət və qayğı dövlət siyasətində prioritetdir – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Azərbaycan gəncləri müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu, Ümummilli Lider Heydər Əliyevin onlara ən böyük
hədiyyəsinin, diqqət və qayğısının təcəssümü olan 2 fevral-Gənclər
Gününü qalib, bütövləşən Azərbaycanın qürurlu vətəndaşları kimi
böyük sevinc hissi ilə qeyd edirlər. Gəncləri Azərbaycanın gələcəyi
kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin çağırışlarında bu
məqam xüsusi qeyd edilirdi ki, hər bir Azərbaycan gənci hər şeydən
çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi
haqqında düşünməlidir. Hakimiyyətinin hər iki dövründə Ümummilli
Lider gənclərə xüsusi diqqət göstərirdi. Bildirirdi ki, gələcəyimiz
gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır.

Gənclərə diqqət və qayğının dövlət siyasətimizin əsas tərkib
hissəsinə çevrilməsi onlarda məsuliyyət hissini daha da artırdı.
Gənclər onlara göstərilən bu etimadı, onlardan gözləntiləri bütün
sahələrdə qazandıqları uğurları ilə doğrultmağa çalışdılar.
Ümummilli Lider Heydər Əliyevin hələ hakimiyyətinin birinci
mərhələsində Azərbaycanın gələcəyini düşünərək gənclərin keçmiş
İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi
onlara göstərilən diqqətin bariz nümunəsi idi. Ulu Öndərin 1993-cü
ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra isə
əvvəldə vurğuladığımız kimi, bu diqqət və qayğı dövlət siyasətinin
əsas prioritetlərindən biri oldu. Ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması,
Gənclər Gününün təsis edilməsi ilə ölkədə gənclər siyasətinin
qanunvericilik bazası formalaşdırıldı. Gənclərin sosial, iqtisadi,
məişət, elm, təhsillə bağlı problemlərinin həllinə yönəldilən,
istedadlarının aşkara çıxarılmasına imkan yaradan sərəncamlar
əsasında Dövlət proqramları qəbul edildi. Bu gün Ulu Öndərin
gəncliyə diqqət və qayğısını daha əhatəli, şaxələnmiş istiqamətdə
davam etdirən Prezident İlham Əliyev bu siyasətə sadiqliyini real
addımları ilə təsdiqləyir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.

Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən
təməli qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyəsi, hərtərəfli inkişafı və ölkə
həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır. Gənclərə etimad
bugünümüzün reallıqlarında təsdiqini tapır:

“Hazırda ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini
yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik ruhunda
tərbiyəsi, xarici ölkələrdə təhsili, gənclər təşkilatlarının
formalaşması və inkişafı üçün yaradılan imkanlar gənc nəsli daha da
ruhlandırır, malik olduqları potensialdan səmərəli istifadə etməyə
çağırışlar edir. Bunu Prezident İlham Əliyevin ölkəyə rəhbərlik
etməyə başladığı 2003-cü ildən ötən 22 ildən artıq dövrdə gənclərin
inkişafı istiqamətində atılan addımların xronologiyası bir daha
təsdiq edir. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul
edildi, 2007-ci il “Gənclər İli” elan olundu, 2011-ci ildə Gənclər
Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün
Prezident Mükafatı” təsis olundu. Azərbaycan gənclərinin İnkişaf
Strategiyası təsdiqləndi. Prezident İlham Əliyevin 2007-ci ildə
imzaladığı müvafiq sərəncamları ilə təsdiq edilmiş “2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət
Proqramı” və “2022-2026-cı illərdə gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət
Proqramı” gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb.
Minlərlə gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alır.
Gənclərimizin xaricdə təhsili, həmçinin Azərbaycanın təqdimatı
deməkdir. Onlar təhsil aldıqları ölkələrdə Azərbaycanın fəal
təbliğatçısına çevrilir, həqiqətlərimizin beynəlxalq ictimaiyyətə
çatdırılmasına səy göstərirlər”.

Vüqar Rəhimzadə bu mühüm məqamı da vurğulayıb ki, Birinci
vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev
Fondunun gənclərimizin hərtərəfli inkişafına, onların məşğulluğunun
təmin edilməsinə yönələn layihələri davamlıdır: “Gənclərin
tariximizin, milli-mənəvi dəyərlərimizin qorunmasında, təbliğində
fəal iştirakını təmin etmək istiqamətində də mühüm layihələr icra
edilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
fəaliyyəti Azərbaycan gənclərinə nümunədir. Onun təşəbbüsü ilə
ölkəmizdə və xaricdə reallaşan layihələr Azərbaycanın uğurlarının
təbliğində, gənclərimizin fəallığının artırılmasında mühüm rol
oynayır”.

Millət vəkili qeyd edib ki, Azərbaycanda yüksək intellektual
səviyyəyə, vətənpərvərlik ruhuna, milli düşüncəyə malik, ölkənin
ictimai-siyasi həyatında rolu artan gənclər ordusu formalaşıb.

“Elmi nailiyyətləri, aparılan islahatlarda fəallıqları ilə güclü
intellektual potensiala malik olduqlarını dövlətə xidmətlərində
təsdiqləyən Azərbaycan gəncliyi ən müasir texnologiyaların
öyrənilməsində və tətbiqində də fərqlənir. Bu gün gənclərimizin
qalib Azərbaycanı idman yarışlarında yüksək səviyyədə təmsil
etmələri hər birimizi qürurlandırır. Onlar bu yarışlarda ikiqat
məsuliyyət daşıyırlar. Tarixi Zəfəri, suverenliyinin tam bərpası
ilə yeni reallıqlar yaradan, bütün sahələrdə zəngin təcrübəsi,
inkişaf modeli ilə diqqətdə olan Azərbaycan, eyni zamanda, idman
ölkəsidir. Son beş ildə gənclərimiz Zəfərimizin yaratdığı böyük ruh
yüksəkliyi fonunda idman yarışlarına, tədbirlərinə qatılır,
qazandıqları medallar ilə Azərbaycanın təqdimatına əlavələr
edirlər. Azərbaycan Bayrağı bu qalibiyyət əsasında yuksəklərə
qaldırılır, Dövlət Himnimiz səsləndirilir. Prezident İlham Əliyev
2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bu çağırışı
etdi ki, bizim siyasətimizin əsas istiqamətlərindən biri gəncləri
sağlam ruhda, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər
Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə,
ölkəmizin inkişafı daimi, əbədi olsun. Əlbəttə ki, burada əsas amil
cəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir. Bizim
xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son
illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki
hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda
ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var.

Hansı sahəyə baxsaq Azərbaycan gənclərinin qürurverici
uğurlarını görürük. Gənclərin intellektual, fiziki və mənəvi
inkişafı ilə əlaqədar qəbul edilən sənədlərin uğurlu icrası
nəticələrdə özünün aydın ifadəsini tapır. Müasir dövrün çağırışları
hər sahədə olduğu kimi, gənclər siyasətində də yenilikləri,
təkmilləşməni şərtləndirir. Onu da qeyd edək ki, Prezident İlham
Əliyevin Sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək,
onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin
potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün
səmərəli istifadə etmək məqsədilə 2020-ci il ölkəmizdə “Könüllülər
ili” elan edildi. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı,
innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları
fəaliyyətə yeni nəfəs veriblər, ölkəmizdə “Eurovision” mahnı
müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam
Həmrəyliyi Oyunları və digər beynəlxalq tədbirlərin həyata
keçirilməsində fəal iştirak ediblər. Könüllük gənclərimizin həyat
tərzinə çevrilib”, – o əlavə edib.

Vüqar Rəhimzadə vurğulayıb ki, gənclərimiz 44 günlük İkinci
Qarabağ müharibəsində qəhrəmanlıqları, şücaətləri ilə tarix
yazdılar: “Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda
mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni
tarixinə qızıl hərflərlə yazdılar. Vətənpərvər gəncliyimiz 30 illik
işğala cəmi 44 günə son qoydu . Məhz onların rəşadəti sayəsində
qazanılan bu şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü
bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına
qovuşdu. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə
də yüksək fəallıq göstərərək, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı
Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq
aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal
iştirak etdilər. Prezident İlham Əliyev çıxışlarında daim bu
reallığı xüsusi qeyd edir ki, çox şadam ki, son illər ərzində
Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc
nəsil yetişib: “Bu illər ərzində yetişən insanlar bu torpaqları
azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə
böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas
yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10
yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz
vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi
Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi””.

Millət vəkili bildirib ki, Azərbaycan gəncliyi ilə qürur
duyuruq. Onların malik olduqları potensialdan Azərbaycanın bu günü
və gələcəyi üçün səmərəli istifadə etmələri uğurlu nəticələrini
verir: “Gənclərin ictimai-siyasi fəallığı yüksək səviyyədədir.
Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham
Əliyevin uğurla inkişaf etdirdiyi Yeni Azərbaycan Partiyasının
sıralarında da gənclər böyük çoxluq təşkil edirlər. YAP gənclərin
siyasi fəallığına xüsusi diqqət göstərir. Ümummilli Lider Heydər
Əliyevin “Gənclər bizim gələcəyimizdir” çağırışı bütün dövrlər üçün
aktuallığını qoruyur. Ulu Öndər, eyni zamanda, bildirmişdir ki, hər
bir xalqın, millətin, ölkənin gəncləri onun həm bu günüdür, həm də
sabahıdır, ümididir. Prezident İlham Əliyevin mütəmadi olaraq
gənclərlə görüşü, onları düşündürən məsələlərlə yaxından tanış
olması, gəncliyin hərtərəfli inkişafına xidmət edən addımlarının
davamlılığı onların yeni-yeni hədəflərə doğru inamla
irəliləmələrinə stimul verir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir