
Bakı.Trend:
Canlı donor orqanlarından transplantasiya Azərbaycanda əvvəllər
də həyata keçirilirdi. Lakin ürək kimi tək və həyati vacib
orqanların transplantasiyası yalnız beyin ölümü baş vermiş
donorlardan, yəni meyit (kadvavra) donorlarından mümkün olur.
Trend xəbər
verir ki, bu fikirləri bu gün “Qafqazda ilk ürək transplantasiyası:
Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər”
elmi-praktiki dəyirmi masa çərçivəsində Azərbaycan Ürək və Damar
Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev
jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu proses özlüyündə olduqca mürəkkəb və
çoxşaxəlidir. Burada ilk növbədə möhkəm qanunvericilik bazası,
sosial və psixoloji amillər mühüm rol oynayır.
“Bütün bu mərhələlər tamamlandıqdan sonra tibbi və cərrahi
proseslər başlayır. Azərbaycan dövləti uzun illərdir ki, bu
istiqamətdə sistemli şəkildə çalışır. Milli Məclis, Səhiyyə
Nazirliyi və digər müvafiq dövlət qurumları bu sahədə ciddi
fəaliyyət göstəriblər. Əlbəttə ki, bu böyük uğur Prezident İlham
Əliyevin səhiyyə strategiyasını uğurla həyata keçirməsinin və
Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə
göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Məhz bu siyasətin
nəticəsi olaraq, 2025-ci ildə azərbaycanlı cərrahlar tərəfindən
ürək transplantasiyası əməliyyatları uğurla icra olundu”, –
professor deyib.
O vurğulayıb ki, bu əməliyyatlar davamlı şəkildə
planlaşdırılır.
“Mərkəzi Klinikada uzun illərdir bu əməliyyatların icrası üçün
hazırlıq aparılırdı və artıq bu proses proqram şəklində həyata
keçirilir. Bu, birdəfəlik deyil, davamlı proqram olacaq. Hazırda
Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə
Koordinasiya Mərkəzi vasitəsilə transplantasiyaya ehtiyacı olan
xəstələr rəsmi qeydiyyata alınır və gözləmə siyahısında olan
xəstələrimiz var. Lakin bu əməliyyatların həyata keçirilməsi üçün
ən vacib şərt donorların olmasıdır”, – deyə o əlavə edib.

