
Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatı müflisləşmə təhlükəsi ilə
üz-üzədir və iyul ayına kimi maliyyə ehtiyatları tükənə bilər.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş Katibi Antonio
Quterreş xəbərdarlıq edib.
BMT-nin baş katibi Antonio Quterreş ölkələri ödənişlərini
vaxtında həyata keçirməyə çağırıb. Baş katibin sözlərinə görə, BMT
üzv dövlətlərin bəzilərinin məcburi töhfələrini tam şəkildə
ödəməməsi, digərlərinin isə vaxtında ödəməməsi səbəbindən xroniki
büdcə problemləri ilə üzləşir, bu isə təşkilatı işə qəbul prosesini
dayandırmağa və ixtisarlar etməyə məcbur qoyur.
“Ya bütün üzv dövlətlər öhdəliklərini tam və vaxtında yerinə
yetirməli , ya da üzv dövlətlər gözlənilən maliyyə çöküşünün
qarşısını almaq üçün maliyyə qaydalarımızı köklü şəkildə yenidən
nəzərdən keçirməlidirlər,” – Quterreş bildirib
BMT-nin məlumatına görə, 2025-ci ilin sonunda təxminən 1,6
milyard dollar məbləğində ödənilməmiş töhfələr qeydə alınıb ki, bu
da 2024-cü illə müqayisədə iki dəfədən çoxdur, hərçənd 150-dən çox
üzv dövlət öz ödənişlərini həyata keçirib.

