
Bakı. Trend:
Tarix sübut edir ki, hər bir dövlətin və ya cəmiyyətin sabahı
müxtəlif sosial-iqtisadi amillərlə bərabər, gənc nəslin inkişaf
səviyyəsi ilə sıx bağlıdır. Bu gün sağlam, o cümlədən, milli-mənəvi
dəyərlərə sədaqət ruhunda formalaşan gənclik etibarlı gələcək və
güclü təməllərə söykənən cəmiyyət deməkdir. Ulu Öndər Heydər
Əliyevin müəyyən etdiyi və cənab Prezident İlham Əliyevin uğurla
həyata keçirdiyi gənclər siyasəti göstərir ki, bu reallıq
Azərbaycanda düzgün dəyərləndirilir, gənclərlə bağlı çağırışlar
uğurla həyata vəsiqə alır.
Qeyd etmək lazımdır ki, xalqımızın Ulu Öndəri Heydər Əliyev
respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə gənclərlə bağlı
məsələləri xüsusi diqqət mərkəzində saxlamışdır. Vaxtilə gənclərin
oxumaq üçün keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə göndərilməsi,
Bakıda C.Naxçıvanski adına hərbi təmayüllü məktəbin açılması Heydər
Əliyevin gənc nəslin inkişafına və Azərbaycanın gələcəyinə
hesablanmış fəaliyyətinin göstəricisi idi.
1993-cü ildə respublikamıza rəhbərliyə başladıqdan sonra da Ulu
Öndərin həyata keçirdiyi ilk tədbirlərdən biri gənclər sahəsində
yeni dövlət siyasətinin müəyyən olunması, gənclərlə iş sahəsində
əvvəlki hakimiyyətlərin buraxdıqları kobud səhvlərin nəticələrinin
aradan qaldırılması oldu. Heydər Əliyevin 1993-cü ilin sentyabrında
gənclərlə görüş keçirməsi, 1994-cü ilin iyul ayında Gənclər və
İdman Nazirliyinin yaradılması göstərirdi ki, Ulu Öndər gənclərlə
iş məsələlərini xüsusi diqqət mərkəzində saxlayır.
Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevral ayının 2-də
Azərbaycan gənclərinin I Forumunun keçirilməsi respublikamızın
siyasi-ictimai tarixində yaddaqalan hadisə oldu. Ulu Öndərin
1997-ci il fevralın 1-də imzaladığı Sərəncama əsasən Azərbaycan
gənclərinin I forumunun keçirildiyi tarix – fevral ayının 2-si
Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən MDB
məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq
Azərbaycanda Gənclər Gününün təntənəli şəkildə qeyd edilməsinə
başlanılıb.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər
siyasətinin göstəricisi kimi gəncliyin sağlam ruhda formalaşması
istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirildi, bu
sahədə mükəmməl hüquqi baza yaradıldı. O cümlədən, gənclər məsul
vəzifələrdə irəli çəkildilər, onların cəmiyyət həyatının bütün
sahələrində fəal iştirakı üçün imkanlar yaradıldı. Bu siyasətin
nəticəsi kimi idmançılarımız da beynəlxalq yarışlarda uğurlara imza
atdılar.
Heydər Əliyev siyasi kursun davamçısı kimi cənab Prezident İlham
Əliyev də öz fəaliyyətində gənclərlə bağlı məsələləri xüsusi diqqət
mərkəzində saxlayır. Ötən 22 ilin reallıqları, görülən işlər
göstərir ki, Prezident İlham Əliyev gənclər siyasətini yeni
keyfiyyət mərhələsinə yüksəldib. Mühüm məqamlardan biri də budur
ki, dövlət gənclər siyasəti sürətlə dəyişən və inkişaf edən bir
şəraitdə ən müasir çağırışları özündə ehtiva edir. Ötən dövrdə
həyata keçirilən tədbirlərə nəzər salsaq, dövlət gənclər
siyasətinin nə qədər zəngin, əhatəli və çoxməzmunlu olduğunu görə
bilərik. Belə ki, gənclər sahəsində, habelə, gənclərin xaricdə
təhsili ilə bağlı ardıcıl şəkildə dövlət proqramlarının qəbul
edilməsi, 2007-ci ilin “Gənclər ili” elan olunması, “2015-2025-ci
illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın həyata
keçirilməsi, gənc ailələrin sosial qayğılarının həlli ilə bağlı
tədbirlərin görülməsi, şəhər və rayonlarda «Gənclər Evi»nin
yaradılması, “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi,
Azərbaycan Respublikasının Gənclər Fondunun təsis olunması, gənc
kadrların irəli çəkilməsi siyasətinin təcəssümü olan “Yüksəliş”
müsabiqəsinin keçirilməsi dövlət gənclər siyasətinin nə qədər
əhatəli olduğunu göstərir. Bütün bunların nəticəsi kimi gənclərin
təhsilində, məşğulluqlarının təmin olunmasında, bütövlükdə,
gəncliyin özünü təsdiq etməsində pozitiv dəyişikliklər baş
verib.
Azərbaycan gəncliyi həm də vətənpərvərdir, dövlətə və
dövlətçiliyə sıx bağlıdır. Biz bunun ən böyük nümunəsini 44 günlük
Vətən müharibəsində gördük. Ordumuzun şəxsi heyəti ilə yanaşı,
könüllü şəkildə müharibəyə getmək üçün müraciət edənlərin mütləq
əksəriyyəti məhz gənclər idilər. Bu gənclər heç Qarabağı
görməmişdilər, lakin dövlətimizin gənclər siyasəti və milli-mənəvi
dəyərlərə son dərəcə bağlılıq onları vətənpərvərlik ruhunda
formalaşdırmışdı. Bu mənada Vətən müharibəsi və antiterror
tədbirləri gənclərimizin ən yüksək milli keyfiyyətlərin daşıyıcısı
olduqlarını nümayiş etdirdi. Onlar torpaqlarımızın azadlığı yolunda
qəhrəmanlıqlar göstərdilər, dastanlar yazdılar, şəhidlik zirvəsinə
ucaldılar.
Bu barədə Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25
illiyinə həsr olunmuş Gənclər Forumunda xüsusi vurğulayıb:
“Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti
gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir
gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi
görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət
uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər
Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar.”
2 Fevral Azərbaycan Gəncləri Günündə biz şəhid gənclərimizi də
ehtiramla anır, onlara rəhmət diləyirik.
Vətən müharibəsi dövründə gənclərimiz sosial şəbəkələrdə də çox
fəal oldular. Əsasən gənclərdən ibarət sosial şəbəkə istifadəçiləri
şəbəkələrdə üstünlüyü əldə edərək, həqiqətlərlə bağlı paylaşılan
məlumatların təsirliliyinə nail oldular.
1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I
Forumunda Ulu Öndər Heydər Əliyev demişdi:
“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq
müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Məlumdur ki, özünü müxalifət hesab edən, lakin sivil
müxalifətçilikdən uzaq olan, əslində isə, öz əməlləri ilə dövlətə
və xalqa müxalif olan antimilli qruplaşmalar öz məkrli
fəaliyyətlərinə zaman-zaman gəncləri də alət etməyə çalışıblar. O
cümlədən, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu və
inkişafını istəməyən antiazərbaycançı dairələr respublikamıza qarşı
apardıqları qarayaxma kampaniyalarında gənclərdən də istifadə etmək
üçün müxtəlif cəhdlər göstəriblər. Lakin bütün hallarda onların
gəncliyin potensialından Azərbaycan dövlətinə qarşı istifadə etmək
niyyətləri iflasa uğrayıb. Gənclərimiz hər zaman dövlətə və xalqa
sədaqət nümayiş etdirməklə yanaşı, həm özünü müxalifətçi hesab edən
qaragüruhçu qruplaşmanın, həm də antiazərbaycançı şəbəkənin
əməllərinin ifşa edilməsində fəallıq göstəriblər, onlara qarşı
mübarizənin önündə gediblər. Bütün bunlar ondan xəbər verir ki,
gənclər öz fəaliyyətlərində Ulu Öndərin tövsiyyələrini rəhbər tutur
və hər zaman cənab Prezident İlham Əliyevin ətrafında sıx
səfərbərdirlər.
Xalqımızın Ulu Öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər
siyasətinin möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir
dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli
fəaliyyətinə və inkişafına geniş imkanlar yaradıb. Bütün bunları
layiqincə dəyərləndirən gənclərimiz isə onlara göstərilən etimadı
öz əməlləri ilə uğurla doğruldurlar

