Gənclər Gününə həsr olunan “GəncLAND” festivalı keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən Azərbaycan
Gəncləri Gününə həsr olunmuş “GəncLAND” Gənclər Festivalı təşkil
olunub. Festival zamanı ölkənin müxtəlif bölgələrindən olan 3
mindən çox gənc bir araya gələrək Gənclər Gününü birgə qeyd
edib.

Trend xəbər
verir ki, 1 fevral tarixində “Elektra Events Hall”da reallaşdırılan
festival iştirakçılara yüksək enerjili və əyləncəli proqramı təqdim
edib.

Festivalın açılış mərasimində çıxış edən Azərbaycan
Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra
edən Yusif Vəliyev dövlət gənclər siyasətinin prioritet
istiqamətlərindən və gənclərin ölkəmizin sosial-iqtisadi və ictimai
həyatındakı rolundan bəhs edib. O qeyd edib ki, Ümummilli Lider
Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Azərbaycan Gəncləri Günü
gəncliyin cəmiyyətdəki rolunu, ölkəmizdə gəncliyə verilən dəyəri
nümayiş etdirir və bu gün Azərbaycan gəncliyinin qazandığı
nailiyyətlər Prezident İlham Əliyev tərəfindən davam etdirilən
uğurlu gənclər siyasətinin nəticəsidir.




Festival çərçivəsində baş tutan milli rəqs kompozisiyaları,
gənclərin sevimli müğənnilərinin ifasında musiqili çıxışlar, “DJ”
şou, interaktiv fəaliyyətlər və viktorinalar iştirakçıların böyük
marağına səbəb olub və gün boyu festival məkanında dinamik,
yaradıcı və əyləncəli atmosfer müşahidə olunub.

Gənclərin pozitiv enerjisi ilə yadda qalan “GəncLAND” Gənclər
Festivalı Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər
Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı
Tələbələr və Məzunlar Platforması, “Böyük Qayıdış” Gənclər
Təşkilatı, “CAVAN” Gənclər Hərəkatı, “Gənclərin
Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Gənc Könüllülər”
İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Qeyd edək ki, Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri
Gününə həsr olunmuş genişmiqyaslı tədbirlər “GəncİNTELLEKT” ölkənin
ən böyük fərdi intellektual yarışı, “GəncVİZYON” İdeyatonu və
“GəncTALKS” Motivasiya Platforması ilə davam edəcək. Silsilə
tədbirlər gənclərin sosial fəallığının artırılması, yaradıcılıq və
innovativ düşüncə tərzinin təşviqi, eləcə də onların asudə
vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir