
Bakı. Trend:
Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, ingilis dili,
rus dili və informatika fənlərindən buraxılış və qəbul
imtahanlarında istifadə edilən qiymətləndirmə materiallarının
işlənməsi, ekspertizası və yoxlanılması ilə bağlı müəllif, ekspert
və marker hazırlığı kurslarına qeydiyyat müddəti uzadılıb.
Trend xəbər
verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilir ki, hazırlıq kurslarında müəllimlər, metodistlər və
pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat
səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri
və həmin müəssisələrdə təhsilalan magistrlər də iştirak edə
bilərlər.
Kurslarda iştirak etmək üçün qeydiyyat 2 fevral 2026-ci il
tarixindən 30 mart 2026-cı il saat 23:59-dək uzadılıb.
Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının
məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər
DİM-in saytında “Şəxsi kabinet” yaratmalıdırlar. Kabinet yaradılan
zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün
müxtəlif ödəniş üsullarından (ətraflı məlumat epayment.dim.gov.az saytında verilib) istifadə etmək
olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait
qoyulduqdan sonra hazırlıq kurslarında iştirak etmək üçün “Elektron
qeydiyyat”dan keçmək lazımdır.
Kursun sonunda iştirakçılar müvafiq fənlər üzrə yoxlama
imtahanından və kalibrləmə prosesindən (cavabı yazı ilə ifadə
olunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsilə
yoxlanılması) keçəcəklər. Həm yoxlama imtahanından, həm də
kalibrləmə prosesindən müvəffəqiyyətlə keçənlərin şəxsi məlumatları
Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək və onlara
sertifikat veriləcək.
Pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat
səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri
və həmin müəssisələrdə təhsilalan magistrlər üçün hazırlıq
kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən
şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn
üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı
nəzərə alınacaq.

