
Bakı. Trend:
Avstraliyada azyaşlıların sosial şəbəkələrə çıxışı ilə bağlı
tətbiq olunan məhdudiyyətlər fonunda “Snapchat”da yaşı 16-dan aşağı
olan istifadəçilərə məxsus 415 mindən çox hesabı bağlanıb və ya
deaktiv edilib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Snapchat”dan bildirilib ki, bu tədbir Avstraliyadakı,
istifadəçilərin yaşlarını 16-dan aşağı olaraq bəyan etdikləri və ya
şirkətin yaşın müəyyən edilməsi sistemləri vasitəsilə yetkinlik
yaşına çatmadığı qiymətləndirilən hesablara şamil edilib.
Rəqəmlər yanvar ayının sonuna qədər olan dövrü əhatə edir və
şirkət qarşıda daha çox hesabı bloklamaq niyyətində olduğunu
gizlətmir.
Bu tədbir dekabr ayında Avstraliyada qəbul edilən Sosial Media
üzrə Minimum Yaş (SMMA) qanununun tətbiqindən sonra həyata
keçirilib. Sözügedən qanun müəyyən platformaları 16 yaşdan aşağı
şəxslərin hesab sahibi olmasının qarşısını almağa məcbur edir.
“Snapchat” bu tələblərə əməl etməli olan ilkin 10 xidmət
arasında yer alıb.

