
Bakı. Trend:
Xaçmaz rayonunda 2 Fevral – Azərbaycan Gəncləri Günü
münasibətilə tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı
Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının
sədri Məhəmməd Balaqadaşov, ağsaqqallar, ziyalılar və gənclər
əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri
düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Bu barədə Trend-ə Xaçmaz Rayonu İcra Hakimiyyətindən məlumat
verilib.
Bildirilir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan gəncliyinin inkişaf yolu, dahi şəxsiyyət Heydər
Əliyevin və Prezident İlham Əliyevin gənclərlə görüşlərinə dair
videoçarx nümayiş etdirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev gəncləri
təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O
qeyd edib ki, gənclər siyasəti bu gün Prezident İlham Əliyevin
rəhbərliyi ilə uğurla həyata keçirilir. Gənclər ölkənin ictimai və
mədəni həyatında fəallıqları ilə seçilir, dövlətimizin inkişafına
mühüm töhfələr verirlər. Elnur Rzayev həmçinin vurğulayıb ki,
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial sahədə, xüsusilə
gənclərin rifahının yüksəldilməsi, təhsil, idman və sağlamlıq
istiqamətlərində gördüyü işlər gənclər üçün geniş imkanlar
yaradır.
Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasov Vətən
müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi qəhrəmanlıq və
fədakarlıqdan bəhs edərək, onların vətənpərvərlik ruhunun gələcək
nəsillər üçün örnək olduğunu qeyd edib.
Xaçmaz Rayon Gənclər və İdman Sektorunun müdiri Elman Məmmədov,
Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostuyev,
Vətən müharibəsi qazisi Şirin Ramizov və gənc müəllim Jalə
Məmmədova gənclərin dövlət idarəçiliyində və ictimai həyatda fəal
iştirakının təmin olunması istiqamətində yaradılan imkanlardan
danışıblar. Göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Yığıncaqda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən və
müxtəlif sahələrdə çalışan bir qrup gənc Xaçmaz Rayon İcra
Hakimiyyəti tərəfindən təltif olunub, xatirə hədiyyələri ilə
mükafatlandırılıb.
Bayram tədbiri geniş konsert proqramı ilə davam edib. Şən mahnı
və rəqslər gənclərdə xoş əhval-ruhiyyə yaradıb.

