Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Gənclər Günü ərəfəsində Azercell-in dəstəyi ilə informatika üzrə
beynəlxalq olimpiadalara hazırlaşan Azərbaycan milli komandasının
üzvləri şirkətin qonağı olub. Görüş gənc istedadların beynəlxalq
arenada əldə etdikləri nailiyyətləri, eləcə də bu uğurların
arxasında dayanan uzunmüddətli və sistemli əməkdaşlıq modelini ön
plana çıxarıb.

Tədbirdə “Azercell Telekom” MMC-nin Korporativ və Marketinq
Ünsiyyət Vasitələri Departamentinin direktoru Sona Abbasova,
şirkətin nümayəndələri, Azərbaycan Respublikasının Təhsil
İnstitutunun direktor müavini Fuad Qarayev, eləcə də milli yığmanın
müəllimləri iştirak ediblər.

Qeyd edək ki, Azercell və Azərbaycan Respublikasının Təhsil
İnstitutu arasında informatika üzrə milli yığmanın hazırlanması
istiqamətində əməkdaşlıq 2017-ci ildən etibarən həyata keçirilir.
Bu əməkdaşlıq çərçivəsində şagirdlər üçün əlavə hazırlıq dərsləri
təşkil olunur, beynəlxalq olimpiadalara sistemli hazırlıq prosesi
dəstəklənir, eləcə də gənclərin proqramlaşdırma və İT sahəsində
bilik və bacarıqlarının inkişafına töhfə verilir. Hazırda proqram
çərçivəsində illik olaraq 90 şagird əlavə hazırlıq prosesinə cəlb
olunur.

Bu müddət ərzində milli yığmanın üzvləri informatika üzrə
nüfuzlu beynəlxalq və regional olimpiadalarda uğurla çıxış edərək 6
qızıl, 33 gümüş və 65 bürünc olmaqla ümumilikdə 104 medal
qazanıblar.




Tədbiri açan Sona Abbasova bildirib: “Şirkətimiz istedadlı
gənclərin inkişafına, İT və proqramlaşdırma istiqamətlərində
bilikyönümlü və ixtisaslı insan kapitalının formalaşmasına xüsusi
diqqət yetirir. Sizin beynəlxalq olimpiadalarda əldə etdiyiniz
nəticələr bizi həm qürurlandırır, həm də bu təşəbbüsün əhəmiyyətini
bir daha gündəmə gətirir. İnanıram ki, bu gün dəstək göstərdiyimiz
gənclər sabah ölkənin texnoloji inkişafına töhfə verən peşəkar
kadrlara çevriləcəklər”.

Fuad Qarayev də bu tərəfdaşlığı yüksək qiymətləndirdiyini qeyd
edib.

“Azercell-in dəstəyi sayəsində informatika üzrə milli komandanın
üzvləri beynəlxalq yarışlara daha sistemli və peşəkar şəkildə
hazırlanır. Şagirdlər üçün əlavə hazırlıq dərslərinin təşkili,
məqsədyönlü hazırlıq proqramlarının həyata keçirilməsi və xüsusi
tədris mühitinin yaradılması gənclərin potensialının üzə
çıxarılmasına şərait yaradır. Bu cür kompleks yanaşma onların
beynəlxalq olimpiadalarda göstərdikləri nəticələrə birbaşa təsir
göstərir və eyni zamanda, ölkədə yeni nəsil İT və İKT
mütəxəssislərinin formalaşmasına töhfə verir”, – deyə Fuad Qarayev
bildirib.

Tədbirin sonunda informatika üzrə beynəlxalq olimpiadaların
medalçıları sertifikatlar və hədiyyələrlə təltif olunublar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir