Azərbaycanın maliyyə sektorunda ötən həftənin əsas məqamları – Həftəlik icmal

Baş səhifə

Bakı. Trend:

Ötən həftə Azərbaycanda maliyyə sektorunda bir sıra mühüm
açıqlamalar və institusional inkişaflar qeydə alınıb. Bank sektoru,
sığorta bazarı, kapital bazarları, fiskal göstəricilər və
makroiqtisadi göstəricilər üzrə açıqlanan rəsmi məlumatlar
ümumilikdə maliyyə sabitliyinin qorunduğunu və sektorların inkişaf
meyillərinin davam etdiyini göstərir.

Bank və monetar sektor

Azərbaycan Mərkəzi Bankı ötən həftə bank sektorunun 2025-ci ilin
yekunlarına dair statistik göstəricilərini açıqlayıb. Hesabata
əsasən, ölkədə fəaliyyət göstərən 22 bankın filiallarının sayı
502-yə, şöbələrinin sayı 87-yə, bankomatların (ATM) sayı isə 3
486-ya çatıb. Bank sektorunda çalışanların sayı dekabr ayında 1,4%
artaraq 27 389 nəfər olub.

2025-ci ilin sonuna bank sektorunun cəmi aktivləri 57,1 milyard
manat, öhdəlikləri 49,7 milyard manat, balans kapitalı isə 7,3
milyard manat təşkil edib. İl ərzində bank aktivləri 7,7%,
öhdəliklər 7,2%, balans kapitalı isə 11% artıb.

Kredit portfeli dekabr ayında 1,3% artaraq 30,1 milyard manata
yüksəlib. Kreditlərin 53,6%-i biznes, 31,1%-i istehlak, 15,3%-i isə
ipoteka kreditlərinin payına düşüb. İl ərzində kredit portfeli
ümumilikdə 9,4% genişlənib.

Depozitlər bank öhdəliklərinin əsas hissəsini təşkil etməkdə
davam edib. Depozit portfeli 38,2 milyard manata çataraq ümumi
öhdəliklərin 76,8%-ni təşkil edib. Fiziki şəxslərin əmanətlərinin
68,5%-i milli valyutada saxlanılır. Dekabr ayında müddətli
əmanətlərin həcmi 3,5% artıb, unikal müddətli əmanətçilərin sayı
isə ilin əvvəlindən 29% yüksəlib.

2025-ci il ərzində bank sektoru 1,16 milyard manat xalis mənfəət
əldə edib və dövlət büdcəsinə 316,8 milyon manat mənfəət vergisi
ödəyib.

Monetar göstəricilərə görə, manatla geniş mənada pul kütləsi
(M2) ilin əvvəlinə nisbətən 10,2% artaraq 40,4 milyard manata
çatıb. Bank sektorunun xarici öhdəlikləri isə əsasən qeyri-rezident
banklardan cəlb edilən qısamüddətli kreditlər hesabına artıb.

Ödənişlər və nağdsız əməliyyatlar

Ötən həftə açıqlanan məlumatlar nağdsız ödənişlərin artım
trendini təsdiqləyib. Banklar və “Azərpoçt” MMC üzrə dövriyyədə
olan ödəniş kartlarının sayı dekabr ayının sonunda 22 milyona
yaxınlaşıb. Kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız
ödənişlərin həcmi dekabrda 10,1 milyard manatı ötüb ki, bunun da
əsas hissəsi elektron ticarətin payına düşüb. İlin əvvəlindən
nağdsız əməliyyatlar ölkədaxili kart əməliyyatlarının 67,6%-ni
təşkil edib.

Sığorta bazarında da ötən həftə mühüm açıqlamalar verilib.
Bildirilib ki, Azərbaycanda sığorta haqlarının həcmi artıq 1,5
milyard manata çatıb. 16 sığorta şirkəti tərəfindən ötən il
toplanan sığorta haqlarının müqabilində 920 milyon manat sığorta
ödənişi həyata keçirilib.




Kapital bazarları və Bakı Fond Birjası

Kapital bazarları üzrə də ötən həftə diqqətçəkən yeniliklər
olub. Bakı Fond Birjası mikromaliyyə təşkilatları üçün borc
bazarında minimal emissiya tələbinin 500 min manata endirildiyini
açıqlayıb. Bu addım bazara çıxışı genişləndirməyi və kiçik maliyyə
institutlarının kapital bazarlarına cəlbini hədəfləyir.

Eyni zamanda ötən həftə Bakı Fond Birjasının (BFB) İdarə
Heyətinin sədri Ruslan Xəlilov Trend-ə müshaibə verib. O,
müsahibəsində Beynəlxalq inkişaf banklarının Bakı Fond Birjasında
(BFB) yerli valyutada (manat) emissiya etməyə marağının olduğunu
bildirib. Bundan başqa, Avropa Yenidənqurma və İnkişaf Bankının
(AYİB) dəyişkən faizli manat istiqrazlarının ticarətə buraxılması
kapital bazarlarının dərinləşməsi baxımından mühüm hadisə kimi
qiymətləndirilib. Birja regional və qlobal inteqrasiya, eləcə də
“yaşıl istiqrazlar” seqmentinin inkişafı istiqamətində fəaliyyətini
davam etdirir.

Fiskal göstəricilər və dövlət maliyyəsi

Maliyyə Nazirliyinin açıqlamasına görə, 2025-ci ildə icmal
büdcənin gəlirləri 47,96 milyard manat, xərcləri isə 44,65 milyard
manat olub. Nəticədə 3,3 milyard manat profisit formalaşıb. Dövlət
borcunun həcmi isə 1 yanvar 2026-cı il tarixinə ÜDM-in 20,1%-i
səviyyəsində qiymətləndirilib ki, bu da beynəlxalq müqayisədə aşağı
göstərici hesab olunur.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpasına ötən
il dövlət büdcəsindən təxminən 4,5 milyard manat vəsait
ayrılıb.

Xarici maliyyə əməkdaşlığı və makroiqtisadi
mənzərə

Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda 54 layihəyə
ümumilikdə 5,2 milyard ABŞ dolları vəsait ayrıldığı bildirilib. Bu
layihələr əsasən infrastruktur, yaşıl enerji, məşğulluq və regional
inkişaf sahələrini əhatə edir.

Makroiqtisadi göstəricilərə görə, 2025-ci ildə qeyri-neft-qaz
ixracı 8,1% artaraq 3,63 milyard ABŞ dolları ilə rekord səviyyəyə
çatıb. Xarici ticarət balansı qızıl idxalı nəzərə alınmadan müsbət
olaraq qalıb.

Eyni zamanda, beynəlxalq maliyyə qurumları AMB-nin əsas uçot
dərəcəsini yaxın iclasda dəyişməyərək 6,75% səviyyəsində
saxlayacağını proqnozlaşdırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir