
Bakı. Trend:
SOCAR Türkiyə enerji sektorunun transformasiyasını
sürətləndirməyə yönəlmiş səylər çərçivəsində, dayanıqlı inkişaf və
aviasiyada karbon emissiyalarının azaldılmasına fokuslanaraq,
dayanıqlı aviasiya yanacağı (SAF) ticarətinə başlayıb.
Bu barədə Trend
şirkətə istinadən xəbər verir.
SAF ilə ilk kommersiya əməliyyatı 29 yanvar 2026-cı il tarixində
həyata keçirilib.
“SOCAR Türkiye”nin baş direktoru Elçin İbadov bildirib ki, bu
addım şirkətin davamlı inkişaf prinsiplərinə sadiqliyini əks
etdirir.
“Biz dayanıqlılığı fəaliyyətimizin əsas elementi kimi qəbul
edirik və ekoloji və sosial aspektləri nəzərə alan transformasiya
anlayışı ilə hərəkət edirik . Enerji sektorundakı geniş təcrübəmiz
və inteqrasiya olunmuş biznes modelimiz bizə dayanıqlı gələcəyə
doğru konkret addımlar atmağa imkan verir. STAR Neft Emalı
Zavodumuzun imkanları, tədqiqat potensialı və rəqəmsal bacarıqları
vasitəsilə həyata keçirilən SAF təşəbbüsümüz bu strategiyanın mühüm
təzahürüdür. Biz əminik ki, aviasiya yanacağı sahəsində apardığımız
işlər inkişaf edəcək və yeni əməkdaşlıqlar üçün yol açacaq. SOCAR
Türkiyə gələcəkdə də ekoloji və sosial faydaya yönəlmiş layihə və
investisiyaları həyata keçirəcək”, – deyə İbadov qeyd edib.
Qeyd edək ki, “SOCAR Türkiye” 13 avqust 2025-ci il tarixində
Turkish Airlines ilə SAF sahəsində birgə fəaliyyətə dair anlaşma
memorandumu imzalayıb.

